EN

Çay süfrələrinin bəzəyi, ləziz Quba paxlavası necə hazırlanır? - Reportaj

Quba, 4 mart, Elxan Yusifli, AZƏRTAC

Bu gün ölkəmizdə Od çərşənbəsi qeyd olunur. Xanımlar çərşənbə günlərində süfrələri şirniyyatlarla, xüsusilə də paxlava və şəkərbura ilə bəzəyirlər. Elə bugünkü reportajda da paxlavanın, dadı ilə məşhur olan Quba paxlavasının hazırlanmasından bəhs edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba paxlavası rayonun simvollarından birinə çevrilib. Kimsə rayona gələrsə, ona bu şirniyyat təqdim olunur, qubalılar qonaq gedəndə də özləri ilə hədiyyə kimi paxlava aparırlar. Quba paxlavası çay süfrələrinin də əsas bəzəyidir.

Qubada hər məhəllədə, küçədə paxlava bişirilən məkana rast gəlmək olar. Amma hər yerdə paxlava eyni keyfiyyətdə hazırlanmır.

Uzun illərdir paxlava bişirən Əbilfəz Xəlilov bildirir ki, Qubaya gəlib burada hazırlanan ləziz paxlavanın dadına baxmamısansa, deməli, Qubada olmamısan. “Bu şirniyyatın hazırlanması uzun, amma zövqlü bir prosesdir. Paxlava bişirən hər kəs səbirli və dözümlü olmalıdır. Əks halda qaynar sobanın ətrafında çox tab gətirmək mümkün deyil. Məhz buna görə də Qubada paxlavaçıların hamısı kişilərdir. Bu paxlava rayonumuzun simvollarındandırr. Bura gələn qonaqlar, turistlər paxlavanı çox xoşlayırlar. Paxlava ilə yanaşı, bükmə də çox sevilir”, - deyə Əbilfəz Xəlilov söyləyir.

Əbilfəz Xəlilovun bişirdiyi hər sinidə 15 kiloqramadək paxlava olur. Paxlavanın bir kiloqramı 12-15 manata satılır. Romb formasında olan bir dilimi isə alıcılara 0,7-1 manata təklif olunur. Qiymət paxlavanın tərkibindəki üyüdülmüş qoz ləpəsinin həcmindən aslı olaraq dəyişir.

Quba paxlavasını bişirmək üçün, ilk növbədə, xəmir yoğurulur. Xəmirin tərkibi yalnız düyü unu və sudan ibarət olur. Sonra ərişdə adlanan paxlava layları hazırlanır. Təxminən 50-yə yaxın ərişdə mis siniyə üyüdülmüş qoz ləpəsi ilə birlikdə düzülür. Ardınca ərişdələr paxlava formasında səliqə ilə doğranaraq üzərinə zəfəranlı boya çəkilir. Paxlavanın estetik görünüşlü olması üçün üzərinə qoz ləpəsi qoyulur, sabit temperaturda 20-30 dəqiqə müddətində bişirilir. Hazırlanma prosesi paxlavanın üzərinə qaynar şərbətin tökülməsi ilə yekunlaşır.

“Hər bölgənin özünəməxsus paxlavası var. Quba paxlavası çox sevilir. Xüsulilə bayramlar ərəfəsində Quba paxlavasına tələbat artır. Paxlava bayram süfrələrini bəzəyən ən ləziz təamlar arasındadır. Qubada paxlava xonçalarını qız evinə bayramlıq kimi aparırlar. Gün ərzində müştəri sarıdan korluq çəkmirik. Alıcılara keyfiyyətli paxlava almağı tövsiyə edirəm. Bəzi paxlavaçılar ucuz başa gəlsin deyə, qoz ləpəsi əvəzinə, fındıq və ya yerfındığı istifadə edirlər. Bu da paxlavanın dadına mənfi birbaşa təsir edir”, - deyə Əbülfəz Xəlilov söyləyib.

Chosen
34
1
azertag.az

2Sources