EN

Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb

Pekin, 4 mart, AZƏRTAC

Çin Xalq Respublikasında ilin ən iri siyasi tədbirlərindən biri olan Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Məşvərət Şurasının illik sessiyasının açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər. Şuranın sədri Van Hunin qurumun hesabatını təqdim edib.

Bir həftə davam edəcək sessiyada ölkə həyatının siyasi, iqtisadi və sosial sahələrinə dair müzakirələr aparılacaq, təkliflər hazırlanacaq.

Çin siyasi sisteminin mühüm orqanı olan Siyasi Məşvərət Şurası Çin Kommunist Partiyasının liderliyi altında siyasi məşvərətçi orqan statusuna malikdir. Şuranın əsas funksiyaları siyasi məsləhətləşmə, demokratik nəzarət, dövlət işlərinin müzakirə və idarə edilməsində iştirakdır.

Şuranın sessiyası adətən martın əvvəlində, ölkənin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası ilə paralel keçirilir. On dördüncü çağırış Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyası martın 5-də başlayacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
10
azertag.az

1Sources