Ankara, 4 mart, AZƏRTAC
Türkiyənin “Star” qəzeti sülh və insanlığa qarşı çoxsaylı cinayət – müharibə cinayətləri, terrorizm, hakimiyyəti zorakılıqla ələ keçirmə və digər ittihamlarla mühakimə olunan Ermənistanın 15 vətəndaşının Azərbaycanda davam edən məhkəmə prosesi barədə ətraflı məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, “Ermənilər arasında Qarabağ böhranı. Etiraflar bir-birinin ardınca səsləndirilir” sərlövhəli məqalədə diqqət təqsirləndirilən Arayik Arutyunyanın Bakı Hərbi Məhkəməsində verdiyi ifadəyə çəkilir.
“Qondarma “DQR prezidenti” İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın rayonlarının raket və artilleriya atəşinə tutulmasına görə məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə atıb”. Bu sözləri Türkiyə nəşri A.Arutyunyanın Ermənistan Baş Qərargahının keçmiş rəhbəri Onik Qasparyana ünvanladığı müvafiq ifadələrə istinadla yazır.
“Star” qəzeti onun sözlərini qeyd edir: “Kimin hansı səlahiyyətlərə sahib olduğu, hansı silahların istifadə ediləcəyi və sairə məsələlərlə bağlı Qasparyandan həmin qərarların əsaslı olub-olmadığını soruşduqda, o cavab verdi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz bu hədəfləri məhv etməliyik. Belə bir təəssürat yaratmalıyıq ki, bu zərbələr Qarabağ tərəfdən endirilir”.
Nəşr oxucuları A.Arutyunyanın Azərbaycan Prezidenti İlham Əliyevə göndərmək istədiyi, amma buna icazə verilməyən məktubu ilə bağlı sözləri ilə də tanış edir: “Müharibə zamanı mən Azərbaycan Prezidentinə məktub göndərmək istəyirdim, lakin Ermənistanın baş naziri Nikol Paşinyan buna imkan vermədi”.
Ankara