EN

Ukrayna hətta ABŞ-ın sistemli dəstəyi olmasa belə, təxminən yarım il müddətinə təhlükəsizlik resursuna malikdir

Kiyev, 4 mart, AZƏRTAC

Ali Radanın milli təhlükəsizlik, müdafiə və kəşfiyyat Komitəsinin qapalı iclasında ABŞ-ın Ukraynaya hərbi yardımının mümkün dayandırılması ilə bağlı neqativ ssenariyə baxılıb.

AZƏRTAC xəbər verir ki, bunu “RBC-Ukrayna”ya şərhində Ali Radanın müdafiə Komitəsinin üzvü Fyodor Venislavski bildirib.

Onun sözlərinə görə, Ukrayna ABŞ-ın sistemli dəstəyi olmasa belə, təxminən altı ay təhlükəsizlik ehtiyatına malikdir. Bununla belə, vəziyyət daha da mürəkkəbləşəcək, ona görə də hazırda kritik silahların tədarükü üçün alternativ mənbələrin tapılması istiqamətində iş aparılır.

“Bizim hərbi-sənaye kompleksimiz son üç il ərzində kifayət qədər böyük imkanlar əldə edib, təhlükə və riskləri əhəmiyyətli dərəcədə yumşaltmağa qadirdir”, -deyə o qeyd edib.

Bununla yanaşı, deputat etiraf edib ki, bəzi silah növləri, xüsusən də hava hücumundan müdafiə sistemləri və uzaq mənzilli yüksək dəqiqlikli MLRS yalnız ABŞ tərəfindən təmin oluna bilər.

Hazırda əsas məqsəd Ukraynanın HHM qüvvələrinin hava hücumlarını dəf etmək üçün kifayət qədər resursla təmin olunması, həmçinin kritik Amerika silahlarının əvəzlənməsi yollarını tapmaqdır.

“Düşünürəm ki, Ukrayna ABŞ-dan sistemli yardım olmasa belə, təxminən altı ay ərzində mütləq təhlükəsizlik resursuna malikdir, amma bu, əlbəttə ki, daha çətin olacaq. Ona görə də indi hamı - Prezidentin komandası, Ali Rada və bizim komitə çalışır ki, ABŞ-ın bizə verməsini dayandıra biləcəyi və ya artıq dayandırdığı silahların həmin kəmiyyət və keyfiyyətinə görə kompensasiyanın ödənilməsi variantlarını nəzərdən keçirsin”, -deyə Ali Radanın müdafiə Komitəsinin üzvü bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
32
1
azertag.az

2Sources