EN

Bakıda “Daha ədalətli bir dünya mümkündür” adlı panel müzakirə keçirilib

Bakı, 4 mart, AZƏRTAC

Bakıda Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və “Stratcom Public Forum”un təşkilatçılığı ilə “Daha ədalətli bir dünya mümkündür” adlı panel müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun videomüraciəti yayımlanıb. O, videomüraciətdə BMT-nin fəaliyyətindəki problemlərdən danışıb. Bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri də BMT-də islahata ehtiyacın olduğuna diqqət çəkir. “Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi olaraq, biz 20 fərqli ölkədə "Stratcom Public Forum" çərçivəsində təşkil edilən tədbirləri dəstəkləyirik. BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü tədbirin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq", - deyə o qeyd edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir beynəlxalq sistemin qlobal sülhü təmin etməkdə çətinliklərlə qarşılaşdığını vurğulayıb: “Beynəlxalq təşkilatların əsas vəzifəsi qlobal sülhü və təhlükəsizliyi təmin etmək olsa da, elə bir hal yaranıb ki, onlar qarşıdurmaları qızışdırmağa, gərginliyin artmasına xidmət edirlər. Dünya sistemində islahatlara, dəyişikliklərə ehtiyac var. Bu məqsədlə tutarlı tədbirlərin görülməsi son dərəcə zəruridir. Dünya miqyasında sülhə və təhlükəsizliyə töhfə vermək üçün bir sıra qurumlar mövcuddur. Müharibələrin qarşısına sədd çəkmək elə sülhün təminatı mənasına gəlir. Ancaq biz qlobal qurumların bu qırğınları daha da alovlandırdığının şahidi olmaqdayıq. Mən buna çox təəssüf edirəm”.

APA Media Group-un baş direktoru Vüsalə Mahirqızı çıxışında ədalətli dünyanın qurulmasında medianın rolundan danışıb: “Təəssüflənirəm ki, bu gün medianın dünyada ədalət üçün çalışdığını söyləməyə çətinlik çəkirəm. Bəzi hallarda medianın işi dünyada ədalətin qurulmasından daha çox, müharibələrin alovlanmasına və informasiya manipulyasiyalarına yol açır”.

Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Sərdar Gündoğan Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrdən bəhs edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev çıxışında beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasətindən danışıb. Qeyd edib ki, beynəlxalq münasibətlərin kökündə ədalət, hüquq və diplomatiya dayanır. O, bu baxımdan Azərbaycan Türkiyə əlaqələrini nümunə göstərib.

Milli Müdafiə Universitetinin prorektoru, professor Nurettin Acır çıxışında bildirib ki, beynəlxalq münasibətlərdə haqsızlığa ən çox Türk dövlətləri və İslam ölkələri uğrayır. Beynəlxalq münasibətlərdə gücü şərtləndirən amillərdən danışan natiq qeyd edib ki, türk nə qədər güclü olarsa, dünyada da möhkəm sülh olar.

Panellərdən sonra sual-cavab sessiyası olub.

Chosen
24
azertag.az

1Sources