Bu ilin əvvəlində ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edib. Ötən il doğulan 102,3 min körpədən 47 faizi isə qız uşaqları olub.
Valyuta.az xəbər verir ki, ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 faizi, ali təhsil müəssisələrində isə 60 faizə qədəri qadınlardır.
Təhsil alanlar arasında da qızların xüsusi çəkisi böyükdür: ümumi təhsildə 45 faizdən, orta ixtisas təhsilində 60 faizdən, ali təhsildə isə 50 faizdən çox.
Elmin inkişafında qadınların rolu da diqqətəlayiqdir. Elmi işçilərin 60 faizdən çoxunu qadınlar təşkil edir və onların 30 faizə qədəri elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsinə sahibdir. Azərbaycan Milli Elmlər Akademiyasının 7 həqiqi və 9 müxbir üzvü qadındır.
Qadınlar sosial-iqtisadi sahədə də aktiv iştirak edirlər. Onların məşğul əhali arasındakı payı 48 faizdir. Dövlət qulluğunda çalışanların 29,7 faizi, fərdi sahibkarların isə 23,3 faizi qadınlardır.
Həmçinin siyasi arenada qadınların təmsilçiliyi artmaqdadır. 1990-cı ildə Milli Məclisdə qadın deputatların xüsusi çəkisi 4,3 faiz, 2000-ci ildə 10,7 faiz idisə, bu gün bu göstərici 20,8 faizə yüksəlib.
Vurğulanıb ki, son illərdə qadın sürücülərin sayı da artıb. 2008-ci ildə sürücülük vəsiqəsi alan qadınların ümumi payı 4,6 faiz olduğu halda, 2024-cü ildə bu göstərici 15,9 faizə çatıb.