EN

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib

Naxçıvan, 4 mart, AZƏRTAC

Martın 4-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatları arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə nazirliyin rəhbərliyi, Sahibkarlığın İnkişafı Fondunun, müvəkkil bankların filial üzrə rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov 2024-cü ildə iqtisadi sahədə baş verən dəyişikləri və əldə olunan nəticələri diqqətə çatdırıb, Naxçıvanın biznes mühitinin yaxşılaşdırılması, sahibkarların maliyyə əlçatanlığına rahat və sistemli çıxışının təmin edilməsi, vergi inzibatçılığının, əmək münasibətlərinin təkmilləşdirilməsi və digər sahələrdə reallaşdırılan tədbirlərin özəl sektorun inkişafına yeni imkanlar yaratdığını bildirib.

Abbas İsmayılov müvəkkil kredit təşkilatlarından gözləntilər barədə məlumat verib, real sektorun inkişafının təmin edilməsi baxımından güzəştli kreditlərin verilməsində prioritet layihələrə üstünlük verilməsinin zəruriliyini vurğulayıb.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov fondun fəaliyyətindəki yeniliklər barədə məlumat verib, SİF-in 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə dair təqdimat keçirib.

Görüş zamanı fərqlənən müvəkkil kredit təşkilatları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

Görüşdə fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları ilə güzəştli kredit əldə etmək istəyən sahibkarlar arasında daha sıx əlaqələrin yaradılması imkanları müzakirə olunub, təkliflər dinlənilib.

 

Chosen
3
2
azertag.az

3Sources