AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan "Kür-Araz" və "Ağdaş"ı texniki məğlubiyyətlə cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
2-ci liqanın 14-cü turunda “Şahdağ Qusar” – “Kür-Araz” matçı “Kür-Araz” komandasının təyin edilmiş vaxtda stadiona gəlmədiyinə görə baş tutmadığı üçün “Kür-Araz”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.
Həmçinin “Ağdaş” – “Şimal” oyunu meydan sahiblərinin vaxtında stadionu hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə, eyni zamanda oyunun başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmadığı üçün “Ağdaş”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 250 manat cərimələnib.