EN

Ermənistanın bütün yolları Azərbaycana açıqdır? - TƏHLİL

Paşinyan kommunikasiyalarla bağlı imitasiya ilə məşğuldur

Hər şeydən öncə ortada Ermənistan baş nazirinin imza atdığı bir sənəd var

Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədə mümkün kommunikasiyaların açılmasına dair fikirlərini bəyan edib. Baş nazirin sözlərinə görə, əgər Bakının narahatlığı Naxçıvana gediş-gəliş və Naxçıvandan yüklərin etibarlı daşınmasını təmin etməkdirsə, deməli, bu məsələ öz həllini tapıb. Bircə Azərbaycanın “hə” deməsi qalır: "Ermənistan ərazisində Nüvədi (Nrnadzor)-Kərçivan (Karçevan) dəmir yolunun tikintisi bir qədər vaxt aparacaq. Arazdəyən-Naxçıvan sərhədi hissəsində də qısa dəmir yolu xətti çəkilməlidir, lakin bu, Ermənistan-Ermənistan və Azərbaycan-Türkiyə dəmir yolu əlaqəsi üçün lazımdır və bu işi qısa müddətdə başa çatdırmaq olar". Paşinyan əlavə edib ki, eyni prinsip əsasında Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırdırlar: "Bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi aydın deyil. Ümid edirəm ki, eskalasiya üçün saxta bəhanə yaratmaq məqsədi daşımır. Bakı bildirir ki, Ermənistan Naxçıvana yol verməsə, İran ərazisindən keçməklə Azərbaycan-Naxçıvan əlaqəsini təmin edəcək. Bunun əleyhinə deyilik, bu, İranla Azərbaycanın münasibətləri və onların həlli məsələsidir. Onu da bildiririk ki, Ermənistan İranın təklif etdiyi eyni hüquqi şərtlərlə Azərbaycanın qərbindən Naxçıvana tranziti təmin etməyə hazırdır. Azərbaycan buna cavab olaraq deyir ki, tranzit maneəsiz olmalıdır. Yəni İran üzərindən tranzit üçün maneələr var?". Baş nazir söyləyib ki, Ermənistan öz üzərinə heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb: "Hətta eyham vurmayıb ki, öz ərazisində təhlükəsizliyin təmin edilməsi, o cümlədən beynəlxalq və ya Azərbaycanın sərnişin və ya yük daşımaları başqa ölkəyə həvalə oluna və ya verilə bilər. Əksinə, Ermənistan tranzit təhlükəsizliyinə zəmanət vermək öhdəliyini öz üzərinə götürüb, biz bunu etməyə hazırıq". İrəvan hökumətinin rəhbəri vurğulayıb ki, Azərbaycanın ən çox istifadə etdiyi və ya böyütdüyü məsələ regional kommunikasiyadır: "Ermənistanın bütün yolları Azərbaycana açıqdır. Yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik, lakin azərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinliklər yaranarsa, o zaman bu yükdaşımaları Ermənistan yollarından həmişə istifadə edən Türkiyə TIR-ları tərəfindən təşkil oluna bilər". 

Paşinyanın açıqlamalarını "Sherg.az"a dəyərləndirən siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan rəhbərliyi 4 ildən çoxdur sülhdən, nəqliyyat kommunikasiyalarının açılmasından, regional əməkdaşlıqdan danışsa da, bunların heç biri reallaşmayıb. Professorun sözlərinə görə, Paşinyan israrla sülh sazişinin imzalanmasından danışdığı halda, ortada imzalanmağa hazır sənəd yoxdur: 

"Çünki İrəvan hökuməti sülh müqaviləsinin imzalanmasını şərtləndirəcək addımları atmır. Sülhlə bağlı Azərbaycanın konkret haqlı tələbləri var. İlk növbədə Konstitusiyada dəyişiklik edilməli, ATƏT-in Minsk qrupu buraxılmalı və digər şərtlər həyata keçirilməlidir. İrəvan bu şərtlərə əməl etməməklə yanaşı, davamlı olaraq müxtəlif məsələləri gündəmə gətirir. İctimaiyyəti çaşdırmağa çalışır ki, guya Ermənistan sülh istəyir, kommunikasiyaların açılmasının tərəfdarıdır və s. Əslində isə Ermənistan hökuməti sülhün, razılaşmanın olmaması üçün əlindən gələni edir. Paşinyan kommunikasiyalarla bağlı imitasiya ilə məşğuldur. Hər şeydən öncə ortada Ermənistan baş nazirinin imza atdığı bir sənəd var. 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanatın 9-cu maddəsində aydın göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında yüklərin və sərnişinlərin maneəsiz hərəkətinə şərait yaradılmalıdır. Bu bənd Ermənistanın öz üzərinə birbaşa öhdəlik götürməsi deməkdir. Yəni Paşinyanın "Ermənistan üzərinə heç bir yazılı, yaxud şifahi öhdəlik götürməyib" iddiası doğru deyil. Sözsüz ki, şifahi öhdəliyin heç bir hüquqi qüvvəsi yoxdur. Amma baş nazir öz üzərinə yazılı öhdəlik götürüb. İndi isə bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırır".

Parlament üzvü vurğulayıb ki, vaxtı ilə Zəngəzur dəhlizi üzərindən siyasi şantaj cəhdlərinə əl atan Ermənistan yenə də bu istiqamətdə səy göstərir: 

"Paşinyan ilk günlərdə "sülh qovşağı" deyilən layihə ilə davamlı gündəmə gəlirdi. Bu ideya ciddi qəbul olunmadığı üçün başqa proyektlər düşünməyə başladı. Baş nazir iddia edir ki, Ermənistanın bütün kommunikasiyaları Azərbaycana açıqdır. Təbii ki, bu, yalandır, beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanıb. Azərbaycan birmənalı tələb edir ki, Naxçıvana gediş-gəliş, yükdaşımaları heç bir maneə olmadan, yoxlama prosedurları aparılmadan təmin olunmalıdır. Paşinyan deyir ki, Ermənistanın nəzarəti altında ixtisaslaşmış beynəlxalq təşkilatlar pasport və gömrük yoxlanışlarını həyata keçirsinlər. Bu da Ermənistan hökumətinin məsələni yubatmaq üçün təxribat xarakterli addımıdır. Paşinyan sərgiləməyə çalışır ki, guya Ermənistan konstruktiv mövqe nümayiş etdirir, Azərbaycan isə əks mövqedə dayanır. Bu, həqiqətə uyğun deyil. Ermənistan kommunikasiyaların açılmasını müxtəlif bəhanələrlə bloklamağa davam edir". 

Chosen
48
sherg.az

1Sources