EN

Azərbaycan-BMT əlaqələri...

Ölkəmiz prioritetlərini yeni dövrün reallıqlarına uyğun həyata keçirir

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal xarici siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatı müstəvisində (BMT) aktivliyi də xüsusi vurğulanmalıdır.

Müstəqillik tariximizin mühüm hadisələrindən biri...

Yeri gəlmişkən, martın 2-də respublikamızın BMT-yə üzv seçilməsinin 33 ili tamam oldu. Azərbaycan 33 il əvvəl üzv seçildiyi bu təşkilatda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun ən aktiv üzvlərindən birinə çevrilib. Müstəqil Azərbaycanın tarixinin ən mühüm hadisələrindən biri şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi  üzv seçilməsidir. Əlbəttə, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi idi. 2012-ci il yanvarın 1-də isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başladı. Bunun ardınca həmin il may ayının 4-də Nyu-Yorkda Prezident İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb, müvafiq sənədlər qəbul edilib.

BMT TŞ-nin qətnamələrini öz gücünə bərpa etməklə ölkəmiz dünyada nümunə yaradıb

Məlumdur ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin yaradılmasıdır. Söhbət BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmli hadisə oldu.

Ümumiyyətlə, hazırda Azərbaycan-BMT əməkdaşlığı müxtəlif platformalarda davam etməkdədir. Yeri gəlmişkən, BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonun Azərbaycana səfəri  də bu əməkdaşlığın göstəricisidir. Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qui-Yeop Sonu qəbul edib. Görüş zamanı Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrası istiqamətində əməkdaşlığın müxtəlif aspektləri, eləcə də bu əməkdaşlığın yeni dövrün reallıqlarına və Azərbaycanın dayanıqlı inkişaf sahəsində milli prioritetlərinə uyğunlaşdırılaraq daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Hansı məsələlər müzakirə edilib?

Ceyhun Bayramov 2025-ci il 2 mart tarixinin Azərbaycanın BMT-yə üzv olaraq qəbul edilməsinin 33-cü ildönümünə təsadüf etdiyini və ötən müddət ərzində Azərbaycanla BMT sisteminə daxil olan qurumlar arasında əməkdaşlığın səmərəli və konstruktiv şəkildə qurulduğundan məmnunluq duyduğunu bildirib. Xüsusilə müstəqilliyinin ilk illərində ərazilərinin işğalı və bir milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın qarşılaşdığı iqtisadi və sosial çağırışlara qarşı mübarizədə dəstək vermək məqsədilə həmin dövrdən etibarən ölkəmizdə fəaliyyətə başlayan bəzi BMT qurumları ilə həyata keçirilmiş əməkdaşlığın Azərbaycanda institusional inkişaf və qabiliyyət quruculuğuna mühüm töhfə verdiyi bildirilib.

Eyni zamanda, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi tərəqqinin sosial profilli layihələrin icrasında ölkənin öz daxili resurs və imkanlarına arxalanmağa şərait yaratdığı, Azərbaycanın bir sıra BMT qurumları vasitəsilə bir çox ölkələrə donorluq fəaliyyəti göstərdiyi xüsusilə qeyd olunub. Bununla əlaqədar, Azərbaycanın BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinə uyğun olaraq, BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub.

Qui-Yeop Son ölkəmizi COP29-un uğurlu təşkilatçılığı və əldə olunan tarixi nəticələr münasibətilə təbrik edərək, bu istiqamətdə Azərbaycanla BMT sistemi arasında həyata keçirilmiş əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib. Xanım Son BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dəstək istiqamətində hökumət ilə yüksəksəviyyəli əməkdaşlıqdan və tərəfdaşlıqdan məmnunluq ifadə edib. O, milli inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək üçün Azərbaycan hökuməti ilə tərəfdaşlıq və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını qeyd edib.

Nardar BAYRAMLI

Chosen
143
22
yeniazerbaycan.com

10Sources