EN

Natan Ake əməliyyat olundu

Futbol üzrə Niderland milli komandasının və İngiltərənin “Mançester Siti” klubunun mərkəz müdafiəçisi Natan Ake əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

Ayağından əməliyyat olunmuş Akenin sağalma müddəti açıqlanmayıb. İngiltərə mətbuatı onun üçün mövsümün bitdiyini yazır.

Xatırladaq ki, Ake İngiltərə Kubokunun 1/8 finalında “Plimut Arqayl”la oyunda (3:1) zədələnmişdi. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola müdafiəçini sözügedən oyunun 45-ci dəqiqəsində əvəzləməyə məcbur olmuşdu.

Daha əvvəl zədə səbəbindən “şəhərlilər”in iki müdafiəçisi – ingilis futbolçu Con Stounz və isveçrəli futbolçu Manuel Akanci də sıradan çıxmışdı.

Natan Ake “Mançester Siti”yə 2020-ci ilin avqustunda “Bornmut”dan 45,3 milyon avro qarşılığında keçib. 30 yaşlı futbolçunun “şəhərlilər”lə sözləşməsinin müddəti 2027-ci ilin 30 iyununa qədərdir. O, bu komandanın heyətində meydana çıxdığı 143 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə verib. Cari mövsümdə isə o, bütün turnirlər çərçivəsində 18 oyun keçirib.

Ake “şəhərlilər”lə İngiltərə çempionluğunu (4 dəfə), İngiltərə Federasiya Kubokunu, İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, FİFA Klub Dünya Kubokunu qazanıb.

Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Ake 2017-ci ilin mayında əsas millidə debüt edib. O, Niderland milli komandasının heyətində 53 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib. Müdafiəçi karyerası ərzində “Bornmut”, “Çelsi”, “Ridinq”, “Uotford” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 30 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Chosen
30
arena.az

1Sources