EN

80 illik dünya sistemi çökür: ABŞ geri çəkilir – Tramp yeni savaş başladır

"Hazırda dünyadakı vəziyyət 1930-cu illəri xatırladır".

Olaylar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

O bildirib ki, XX əsrin 30-cu illərində Birinci Dünya müharibəsindən sonrakı beynəlxalq sistem çökmüşdü:

"İndi isə İkinci Dünya müharibəsindən sonra qurulan sistem çökür. Birinci Dünya müharibəsindən sonrakı dünya düzəninin, yəni Versal-Vaşinqton sisteminin qurulmasında ABŞ mühüm rol oynamışdı. Demokrat ABŞ Prezidenti Vudro Vilson "dünyanı demokratiya üçün təhlükəsiz etməliyik" şüarı ilə Avropadakı müharibəyə müdaxilə etmiş, məşhur "14 maddə"ni irəli sürərək BMT-nin sələfinin, Millətlər Liqasının yaradılmasının təşəbbüskarı olmuşdu. Lakin bu sistemin tezliklə iflasının səbəbkarlarından biri də ABŞ oldu. Konqresdə çoxluğu əldə edən respublikaçılar Millətlər Liqasını rədd etdilər. Prezident seçkilərində respublikaçı Vorren Hardinq qalib gəldi və ölkə təkrar öz köklərindəki özünütəcridə qayıdaraq qlobal səhnədən çəkildi. Arda-arda respublikaçı namizədlərin prezident seçilməsi (Vorren Hardinq-Kalvin Kulic-Herbert Huver) ilə ABŞ beynəlxalq ticarətdə sərt proteksionist siyasətə üstünlük verdi. 1929-cu ildə ABŞ, eləcə də Kanada və Avropa iqtisadiyyatını sarsıdan böyük böhran başladı. Böhranı bir deyil, bir çox səbəbin məcmusunun şərtləndirdiyi güman olunur. Bunlardan biri də 1930-cu ildə Konqresdə qəbul olunan "Smut-Houli" qanunudur. İdxal mallarına yüksək rüsumların tətbiqini nəzərdə tutan bu qanun ticarət savaşına səbəb olmaqla, böhranı daha da dərinləşdirdi. Digər dövlətlərin də ABŞ mallarına rüsumları artırması səbəbindən ABŞ ilə Avropa arasında ticarət həcmi kəskin azaldı".

bohran

ABŞ-da Böyük Depressiya (iqtisadi böhran)

Şahin Cəfərli qeyd edib ki, 1930-cu illərdə Avropa və dünyada ifrat millətçiliyin yüksəlməsinə ABŞ-ın "Smut-Houli" qanunu da öz töhfəsini verdi:

"1931-ci ildə Yaponiyanın ekspansiyaya başlayaraq Mancuriyanı ələ keçirməsi və ümumən Çinin şimal-şərqinə gözünü dikməsindən sonra ABŞ narahatlığını bildirərək, sadəcə, bu işğalı tanımamaqla kifayətləndi. İtaliyada hələ 20-ci illərdə hakimiyyətə gəlmiş Mussolini rejimi 1935-ci ildə Efiopiyanı işğal etdi. 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başladı, Yaponiya 1937-ci ildə Çinə genişmiqyaslı hücum etdi. Nasist Almaniyası isə 1938-ci ildə Sudeti (Çexoslovakiya) ilhaq etdi.  Dünya müharibəsi çox sürətlə yaxınlaşarkən ABŞ Konqresi isə yığışıb ardıcıl olaraq neytrallıq haqqında qanunlar qəbul edirdi. Bu qanunlar ABŞ-ın hər hansı şəkildə müharibələrə cəlb olunmasını, o cümlədən müharibə vəziyyətində olan dövlətlərə silah-sursat satışını, kreditlər ayırmasını qadağan etmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra 1939-cu ilin noyabrında prezident Ruzveltin israrlı tələb və xahişləri nəticəsində Konqres könülsüz razılaşır ki, başqa ölkələrə silah-sursat və digər mallar satılsın. Bir şərtlə ki, alıcılar gəlib nağd ödəniş edərək malları özləri aparsınlar, ABŞ gəmiləri bu daşımalarda iştirak etməsin. "Lend-Liz" qanunu yalnız 1941-ci ilin martında qəbul olunur, dekabrda Yaponiyanın ABŞ Sakit okean donanmasının bazasına hücumundan sonra isə Vaşinqton öz neytrallığına son verir".

vudro

Vudro Vilson Almaniyaya müharibə elan edilməsi ilə bağlı Konqresdə çıxış edir. 2 aprel 1917-ci il

Ekspert qeyd edib ki, bu gün ABŞ-ın Avropadakı məsələlərdən uzaq durmasına tərəfdar olan və Ukraynaya yardımlarının əleyhinə çıxan çevrələrlə keçmişdəki, o cümlədən ötən əsrin 20-ci, 30-cu illərindəki amerikalı izolyasionistlərin arqumentləri üst-üstə düşür:

"Vudro Vilsonun siyasətini kəskin tənqid edən respublikaçılar iddia edirdilər ki, ABŞ-ı Birinci Dünya müharibəsinə bankirlər və silah istehsalçıları sürükləyib. O illərdə bu mövzuda kitablar da nəşr olunurdu və aparılan təbliğat ictimai rəyi özünütəcrid siyasətinin ABŞ maraqlarına daha uyğun olduğu fikrinə inandırmışdı. İqtisadi böhran bu qənaətləri daha da gücləndirərək ölkənin öz içinə qapanmasına səbəb olmuşdu. Lakin nə qədər təzadlı görünsə də, ABŞ-ın müharibəyə qoşulması onun 10 illik böhrandan çıxmasına kömək etdi. Sonrakı dövrdə hər iki partiyanın elitaları arasında konsensus formalaşdı ki, ABŞ-ın aktiv və müdaxiləçi xarici siyasəti ölkənin milli təhlükəsizlk və iqtisadi maraqları baxımından daha əlverişlidir. Çünki hər iki dünya müharibəsi ərəfəsində ABŞ özünütəcrid siyasəti aparmış, lakin bu, onu müharibələrin od-alovundan xilas etməmişdi. Günümüzdə ABŞ-ın təkrar bu siyasətə, eləcə də proteksionizmə dönüşünü (daxili istehsalçını qorumaq üçün idxala yüksək rüsumların tətbiqi, ticarət savaşları) izləyirik. Tramp və komandası özünü çox da yormur. Ölkənin tarixindəki müvafiq modelləri götürüb təkrar tətbiq edir. ABŞ qlobal liderlikdən öz xoşu ilə bir növ, istefa verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
51
1
olaylar.az

2Sources