EN

İcraçı direktor: Premyer Liqa həyəcanını yenidən İmişliyə qaytarmaq istəyirik

Bakı, 5 mart, AZƏRTAC

"Premyer Liqaya vəsiqə qazanaraq, regionumuzun adını yüksəltmək istəyirik".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Premyer Liqaya vəsiqə uğrunda əsas namizədlərdən olan I Liqa təmsilçisi "İmişli" klubunun icraçı direktoru Aqşin Mürsəlov deyib.

O, növbəti mövsüm aşağı dəstədən elitaya üç komandanın yüksəlməsi ilə bağlı qərarın sevindirici olduğunu bildirib: "Premyer Liqa həyəcanını yenidən İmişliyə qaytarmaq istəyirik. Bilirsiniz ki, elitaya vəsiqə qazanmaq üçün iki meyar var: idman nəticəsi və lisenziyalaşdırma tələblərini qarşılamaq. Düzdür, ötən mövsüm 4-cü olsaq da, lisenziya məsələsini "Şamaxı" ilə birgə biz həll etmişdik. Bizim üçün əsas problem stadionun durumudur. Hazırda ot örtüyü ürəkaçan deyil. Bununla bağlı bəzi şirkətlərlə danışıqlar aparmışıq. Məqsəd növbəti mövsüm bütün oyunlarımızı doğma meydanda keçirməkdir. Bildiyiniz kimi, I Liqada ən çox azarkeş dəstəyi olan komandalardan birliyik. Ev oyunlarımıza maraq böyükdür. "Qarabağ" və "Neftçi" kimi kollektivlər buraya səfər etdikləri zaman ajiotaj yaranacaq. Premyer Liqaya yüksəlsək, fors-major hadisə yaşanmasa, növbəti il də ev oyunlarımızı İmişli şəhər stadionunda keçirəcəyik".

Klub rəsmisi sponsor məsələsinə də toxunub: "Bununla bağlı problemimiz yoxdur. Amma əlavə sponsor cəlb etmək üçün bölgənin iş adamları ilə danışıqlar gedir. Gələcəkdə böyük işlər görmək üçün çoxlu vəsait lazım olacaq. Məsələni dəqiqləşdirəndən sonra real addımlar atacağıq".

Qeyd edək ki, "İmişli" komandası I Liqada 16 turdan sonra topladığı 30 xalla 2-ci pillədə qərarlaşıb.

Chosen
15
azertag.az

1Sources