EN

Çin əhalinin qocalması ilə mübarizə və doğuşların sayının artırılması üzrə tədbirlər görəcək

Bakı, 5 mart, AZƏRTAC

Çin sürətlə artan yaşlı və gənc əhalini hədəf alan siyasətlə əhalinin qocalması probleminə “proaktiv” cavab verəcək.

AZƏRTAC xəbər verir ki, Çin hökuməti ölkədə azalan əhalinin artımını stimullaşdırmaq məqsədi ilə uşaqlara qulluq üçün subsidiyalar və pulsuz məktəbəqədər təhsil hüququ vermək niyyətindədir.

“Reuters” agentliyi xəbər verir ki, tədbirlər çərşənbə günü Çinin ali parlamenti - Ümumçin Xalq Nümayəndələri Konqresinin illik iclası üçün hazırlanmış iki rəsmi hökumət sənədində elan edilib.

Çinin əhalisi 2024-cü ildə üçüncü il ardıcıl azalıb, eyni zamanda, nikah nisbəti də beşdəbir aşağı düşüb. Bu, hökumətin gənc cütlükləri evlənməyə və uşaq sahibi olmağa təşviq etmək səylərinə baxmayaraq, indiyə qədər qeydə alınan ən böyük azalmadır.

Əhalinin sürətlə qocalması dünyanın ikinci ən böyük iqtisadiyyatında artan problemə çevrilir, 60 və yuxarı yaşda olan insanların sayının 2035-ci ilə qədər ən azı 40 faiz artaraq 400 milyonu keçəcəyi gözlənilir.

Hökumət kəndlilər və işləməyən şəhər sakinləri üçün əsas qocalıq müavinətlərinin minimum həddini artıracaq və təqaüdçülərə verilən pensiya müavinətlərində də müvafiq artım həyata keçirəcək.

Çinin Baş naziri Li Çianın rəsmi hesabatında deyilir ki, hökumət qanunla müəyyən edilmiş pensiya yaşının tədricən artırılması islahatını ehtiyatla həyata keçirəcək, amma onun təqdimatında əlavə təfərrüatlar verilməyib. Çin pensiya yaşını kişilər üçün 60-dan 63-ə, dövlət qurumlarında çalışan qadınlar üçün isə 55-dən 58-ə qaldırıb. Dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib və 15 il ərzində həyata keçirilməlidir.

Çinin demoqrafik tənəzzülünün böyük hissəsi 1980-2015-ci illər arasında tətbiq edilən “tək uşaq” siyasətinin nəticəsidir. 2021-ci ildən etibarən cütlüklərə üç uşaq sahibi olmağa icazə verilir. Amma getdikcə daha çox çinli gənc uşaq böyütməyin bahalı olması və ya karyera qurmaq üçün evlənmək istəməməsi, habelə gender ayrı-seçkiliyinin davam etməsi fonunda övlad sahibi olmamağı seçir.

Belə bir şəraitdə hökumət cütlükləri uşaq sahibi olmağa həvəsləndirmək üçün stimullaşdırıcı tədbirlər tətbiq etməyə çalışır, o cümlədən analıq məzuniyyətinin artırılması, yeni doğulmuş uşaqlar üçün maliyyə və vergi güzəştləri, mənzil subsidiyaları həyata keçirilir.

Amma keçən il Çinin aparıcı beyin mərkəzlərindən biri adambaşına düşən ÜDM-ə nisbətdə bu ölkənin uşaq böyütmək üçün dünyada ən bahalı yerlərdən biri olduğunu bildirib, habelə doğmaq istəyən qadınlar üçün vaxt və alternativ xərclərin təfərrüatlarını açıqlayıb.

Chosen
11
azertag.az

1Sources