Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıda növbəti əmək yarmarkası təşkil olunub.
"Report" xəbər verir ki, tədbirdə rayonun icra başçısı Elşad Həsənov, Agentliyin sədri Sadiq Əliyev, dövlət və özəl sektoru təmsil edən işəgötürənlər iştirak ediblər.
İcra başçısı bildirib ki, hazırda yarmarkada vətəndaşlar üçün 500 vakant yer ayrılıb:
"İllər ərzində təşkil olunmuş əmək yarmarkalarında minlərlə Yasamal rayon sakini işlə təmin olunub. Sevindirici haldır ki, həmin şəxslər arasında Vətən müharibəsi iştirakçıları və qazilər də var. Hazırda bu yarmarkada 60-a yaxın şirkət təmsil olunub, 500 vakant yeri var".
Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev isə qeyd edib ki, bu il ümumilikdə bu cür 150 tədbirin keçirilməsi planlaşdırılır:
"Agentlik tərəfindən ötən il 144 əmək yarmarkası keçirilib. Cari ilin iki ayı ərzində isə 32 yarmarka baş tutub. Bu yarmarkalarda xeyli vətəndaş işlə təmin olunub. Ümid edirəm bu əmək yarmarkasında da bir çox insan işlə təmin olunacaq. Bu prosesdə işəgötürənlərin də rolu böyükdür. Onlar işçi ehtiyacına və tələbinə uyğun olaraq vətəndaş qəbulu aparırlar".
Daha sonra qonaqlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, işçi seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.
İşsiz və işaxtaran şəxslərə vakansiyalar eləcə də iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin tədbirə qatılan şəxslər Agentliyik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq şansı əldə ediblər.
Foto: Samirə Həsənova