EN

Xasenov: “KazMunayQaz”, SOCAR, “Tatneft” və “Uzbeknefteqaz” əməkdaşlığı gücləndirir

Təhlükəsizlik sahəsində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün effektiv sistemlərin yaradılması, habelə fövqəladə hallarda çevik reaksiya üçün kadrların hazırlanması üzrə birgə iş aparılır.

“Report” Qazaxıstanın “KazMunayQaz”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu şirkətin İdarə Heyətinin (İH) sədri Asxat Xasenov Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə keçirilən “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.

A.Xasenov qeyd edib ki, “KazMunayQaz” əsas tərəfdaş şirkətləri olan SOCAR, Tatarıstanın “Tatneft”və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri ilə karbohidrogenlərin geoloji kəşfiyyatı və hasilatı sahəsində texnologiya və təcrübə mübadiləsi üzrə əməkdaşlığı genişləndirməkdə davam edir: “Biz tərəfdaşlarımızla birlikdə proseslərin idarə edilməsi, intellektual monitorinq sistemləri və proqnozlaşdırıcı təhlil üçün rəqəmsal sistemlər tətbiq edirik. Bundan əlavə, ekoloji risklərin minimuma endirilməsi istiqamətində fəal iş aparılır. Bizim səylərimiz innovativ həllərin tətbiqinə yönəlib".

Məlumatda həmçinin bildirilib ki, A. Xasenovun da iştirak etdiyi “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində SOCAR ilə “KazMunayQaz”, “Tatneft”və “Uzbeknefteqaz” şirkətləri arasında rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində dördtərəfli əməkdaşlıq memorandumları imzalanıb.

“Konfrans çərçivəsində SOCAR, “KazMunayQaz”, “Tatneft” və “Uzbeknefteqaz” arasında rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində dördtərəfli əməkdaşlıq memorandumları imzalanıb. Sənədlər, xüsusilə, rəqəmsal həllərin işlənib hazırlanması və tətbiqi, o cümlədən texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsini nəzərdə tutur”, - məlumatda bildirilib.

Konfransda innovativ texnologiyaların tətbiqi, istehsalat təhlükəsizliyi, neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi məsələləri müzakirə olunub.

Chosen
37
1
report.az

2Sources