EN

Sabirabadda şəhid adı verilən küçə keçilməz haldadır

Sabirabad rayonunda 3000-ə yaxın sakinin yaşadığı şəhid Mehman Məmmədovun adı verilən küçədə yayda toz-torpaqdan, qışda isə palçıqdan yerimək mümkün olmur.

“Heftelik.az” “Baku TV”yə istinadən məlumat verir ki, küçənin sakinləri yollarının bərbad halda olmasından, işıq dirəklərinin olmamasından şikayət edirlər.

Onların sözlərinə görə, xüsusilə qış aylarında yağan yağış və qardan sonra küçələr ümumiyyətlə keçilməz hala düşür, yaşlıların və uşaqların bu yol ilə getməsi mümkünsüz hala gəlir. Hətta, təcili yardım maşınları belə küçəyə girə bilmirlər.

Onlar həmçinin bildirirlər ki, bu problemlə əlaqədar dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də onların şikayətlərinə baxılmayıb.

Yaranan problemlə əlaqədar Sabirabad Rayon İcra hakimiyyəti Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilən məlumata görə, mövcud vəziyyətdən şikayətçi olan sakinlərin problemləri yaxın zamanlarda həll olunacaq.

Şəhər İcra Nümayəndəsinin Müavini Ayaz Sadıxov həmçinin onu da bildirib ki, ərazi üzrə bütün şəhid adı verilən küçələr, o cümlədən, şəhid Mehman Məmmədovun adı verilən küçə bu il ərzində abadlaşdırılaraq asfalt örtüyü ilə təmin olunacaq.

Müəllif: Türkan_zadə

Chosen
34
heftelik.az

1Sources