Bakı, 5 mart, AZƏRTAC
Qəzza sektorunda yaşayan 12-14 min insan tibbi səbəblərə görə qonşu ölkələrə təxliyə edilməlidir.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bu barədə 29 fələstinli uşağı müalicə üçün qəbul edən İordaniya hökumətinə təşəkkür edərkən deyib.
“Bu uşaqlar müalicə üçün Qəzza sektorundan İordaniyaya aparılıb. Onların əksəriyyətinin travmatoloji, onkoloji və oftalmoloji yardıma ehtiyacları var”, - deyə ÜST rəhbəri bildirib. Onun sözlərinə görə, bu, atəşkəsdən sonra Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə həyata keçirilən ilk tibbi təxliyədir. Tedros Adhanom Qebreyesus Qəzza sektorundan tibbi təxliyə üçün mümkün istiqamətlər arasında Şərqi Qüdsün və İordan çayının Qərb sahilinin də adını çəkib.
Qeyd edək ki, Əl-Cəzirə telekanalının daha əvvəl yaydığı məlumata görə, İsrailin hava hücumları nəticəsində yaralanan 29 uşaq müalicə üçün İordaniyaya aparılıb və krallıq ümumilikdə 2 min fələstinli uşağı müalicə üçün qəbul etməyə hazırdır.