Volodimir Zelenski, Donald Tramp və Cey Di Vens arasında Ağ Evdə baş verən mübahisədən sonra ABŞ adminstrasiyası Zelenski ilə gizli danışıqlar aparıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “CNN” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, Donald Trampın nümayəndələri Zelenski ilə pərdəarxası söhbətlər apararaq, onu danışıqları bərpa etməyə çağırıblar. Mənbə qeyd edib ki, Trampın nümayəndələri Ukrayna üçün Ağ Evlə münasibətləri tez bir zamanda sabitləşdirməyin vacibliyini vurğulayıblar və ukraynalıları Trampın Konqresdəki dünənki çıxışından əvvəl danışıqları bərpa etməyə çağırıblar. Mənbələrdən birinin sözlərinə görə, Zelenski ilə əlaqə saxlayanlar arasında Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da var.
“CNN” iddia edir ki, məhz bu söhbətlərdən sonra Ukrayna Prezidenti öz sosial media hesablarında Ağ Evdə baş verənlərdən təəssüfləndiyini yazıb. “Təəssüf ki, bu cür oldu. İşləri yoluna qoymaq vaxtıdır. Biz istərdik ki, gələcək əməkdaşlıq və ünsiyyət konstruktiv olsun”, - Zelenski yazıb. Bununla yanaşı, Zelenskinin paylaşımlarında birbaşa üzrxahlıq olmayıb.
“The Times” isə yazır ki, Britaniyanın Baş naziri Kir Starmer də Ukrayna Prezidentini razı salmağa kömək edib. Nəşrin mənbələrinə görə, martın 4-də Starmer Zelenski ilə telefonla danışıb. Bu zəng zamanı o, Zelenskiyə “Trampın eşitmək istədiyi bəzi şeylər olduğunu” deyib və bundan sonra Ukrayna başçısı məlum paylaşımı edib.
“AzPolitika.info”