EN

Dünya bazarında neft ucuzlaşır: Tələb niyə azalır?

Son günlər dünya bazarında neft ucuzlaşmaqda davam edir. Belə ki, neft qiymətlərindəki bu enişin arxasında OPEC+ və ABŞ-ın tarif qərarları durur. Həmçinin, Rusiya-Ukrayna münaqişəsi və ABŞ-ın Ukraynaya hərbi yardımın dayandırılması qərarı da geosiyasi gərginliyi artıraraq bazarları daha da qeyri-müəyyən edir.
Bu barədə Moderator.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, neftin qiymətində ucuzlaşma davam edir və bu ucuzlaşma fevral ayının iyirmisindən davamlı şəkildə müşahidə edilir:
 “Bu həftə neftin qiymətində kifayət qədər ucuzlaşma oldu, hətta  70 dollardan aşağı həddə düşdü. Dünən “Brent” markalı neft 69 dollar 76 sentə satılmışdır. Neftin qiymətinin ucuzlaşmasının iki səbəbi var: birincisi, OPEC- in aprel ayının birindən 138 min  barel hasilatın artırılması yönümündə atacağı addımlardır. İkincisi, isə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Meksika və Kanadaya 25%- lik rüsumların tətbiq etməsidir. Tramp bu qərarını daha əvvəl bildirsə də bir ay təxirə salmışdı. Bu aydan isə  qərar qüvvəyə mindi. Amerika mövcud şəraitdə hər iki ölkənin iqtisadiyyatına  Trampın təbirincə yardım edir, yəni subsidiyalaşdırır və buna görə də o ölkələrdən gələn mallara 25%- lik vergi tətbiq edildi. ABŞ prezidenti Tramp bundan əlavə  Çinə 10%- lik vergi tətbiqi nəzərdə tuturdusa, bunu 20% etdi. Təbii ki, Çin də öz növbəsində Amerikadan gələn  kənd təsərrüfatı mallarına 15%-lik müxtəlif çeşidlərə vergi tətbiq etdi.  Bazar iştirakçıları hesab edirlər ki, bu cür ticari müharibələrin genişlənməsi və böyük ölkələr arasında gərginliyin artması iqtisadiyyatın inkişaf tempini zəiflədəcək. Təkcə Amerika Birləşmiş Ştatlarında qiymət artımı ilə bağlı hər ailənin orta hesabla 2000 dollar il ərzində əlavə xərc çəkməsini də qeyd edirlər. Bu isə həm ticari əlaqələrin zəifləməsi, həm də  ümumi daxili məhsulun zəifləməsinə gətirib çıxaracaq ki, bu da öz növbəsində enerjiyə olan tələbatı azaltmalıdır və bunun fonunda qiymətlər ucuzlaşır.Aprel ayının real göstəriciləri və istehlakla bağlı məlumatlar dərc edildikdən sonra, bu ilin ilk yarısının sonunda neft bazarının necə inkişaf edəcəyi daha dəqiq müəyyənləşəcək. O zaman, neft qiymətlərinin 70-75 dollar/barel arasında mı, yoxsa 65-70 dollar/barel arasında mı stabilləşəcəyi barədə aydınlıq gələcək. Bu məsələnin tam olaraq müəyyənləşməsi üçün bir az daha zaman lazımdır".
 
 
Mehin Mehmanqızı
 
Chosen
13
moderator.az

1Sources