
ABŞ Dövlət Departamenti Yəmənin “Ənsar Allah” husi hərəkatını terror təşkilatı kimi tanıyıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Bu o deməkdir ki, husilərə sponsorluq etmək və ya onlara maddi yardım göstərmək ABŞ administrasiyasının cərimələri və sanksiyaları ilə nəticələnəcək.
Husilərin terrorçu kimi tanınmasına səbəb onların Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə və Yaxın Şərqdə Amerika hərbçilərinə qarşı dəfələrlə hücumları olub.
Yanvarın 23-də ABŞ Prezidenti Donald Tramp Yəmənin “Ənsar Allah” husi hərəkatının xarici terror təşkilatı kimi tanınması prosesinə start verən sərəncam imzalayıb.
Sənədin mətnində husilərin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəkləndiyi və hərəkatın ABŞ vətəndaşlarının təhlükəsizliyini və Yaxın Şərqdə qlobal dəniz ticarətinin sabitliyini təhdid etdiyi irəli sürülüb.