BAKI,TurkicWorld
Qırğızıstanın səfiri Ruslan Kazakbayev, Türkiyənin Gənc Sahibkarlar və İdarəçilər Assosiasiyasının sədri Nezih Allıoğlu ilə görüşüb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüşdə assosiasiyanın istehsal, turizm, tibb, elmi tədqiqat və beynəlxalq ticarət sahələrində fəaliyyət göstərən nümayəndələri də iştirak ediblər.
Görüş zamanı ticarət-iqtisadi əməkdaşlıq, Qırğızıstana investisiya cəlb edilməsi və ölkədə müxtəlif növ malların istehsalı üzrə birgə müəssisələrin yaradılması perspektivləri müzakirə edilib.
Səfir Kazakbayev işgüzar dairələrin nümayəndələrinə Prezident Sadır Japarovun rəhbərliyi altında Qırğızıstanda həyata keçirilən siyasi və iqtisadi islahatlar barədə geniş məlumat verib.
Assosiasiya üzvlərinə Qırğızıstan iqtisadiyyatının müxtəlif sahələrindəki investisiya imkanları barədə təqdimat edilib. Xüsusilə hidroenergetika və bərpa olunan enerji mənbələri, dağ-mədən sənayesi, istehsal və ticarət sahəsində prioritet layihələr barədə məlumat verilib.
Görüşün yekununda, investisiya potensialına malik layihələrin araşdırılması və əməkdaşlığın qurulması məqsədilə Türkiyənin işgüzar nümayəndə heyətinin Qırğızıstana səfərinin təşkil olunması barədə razılıq əldə edilib.
Türkiyənin Gənc Sahibkarlar və İdarəçilər Assosiasiyasına 40 mindən çox insanı işlə təmin edən, 1300-dən çox müxtəlif şirkət və müəssisə daxildir. Assosiasiyanın Türkiyənin bütün bölgələrində, o cümlədən Ankara, İzmir, Bursa, Çorum və Konya kimi şəhərlərdə filialları və xarici nümayəndəlikləri mövcuddur.