Azərbaycan Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan xalqına xas olan qadına hörmət mənəvi kateqoriyadan hüquqi müstəviyə keçirildi, hüquqi status aldı.
"Report" xəbər verir ki, bunu Milli Məclis Sədrinin I müavini Əli Əhmədov “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, həyatın bütün sferalarında qadınlar iştirak edərək, cəmiyyətin və dövlətin inkişafına töhfə verirlər:
"Azərbaycan cəmiyyətini qadın istirakçılığından ayrı təsəvvür etmək mümkün deyil. Bütün sahələrdə, o cümlədən idarəçilikdə və iqtisadiyyatda qadın iştirakçılığının artması Azərbaycanın potensialının yüksəlməsində ən başlıca amillərdən biridir. İnanıram ki, Azərbaycan hər bir vətəndaşımızın, o cümlədən qadınların fəallığı və vətənpərvərliyi sayəsində daha böyük nailiyyətlər əldə edəcək".