Təyyarə qəzasında sağ qalmağım möcuzədir.
Bunu AZAL-ın təyyarə qəzasında sağ qalan, "Rəşadət" ordenli stüardessa Aydan Rəhimli “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə deyib.
O qeyd edib ki, həyat ona ikinci şans verib:
"Bəzən həyat bizi gözlənilməz sınaqlarla üz-üzə qoyur. O anda biz içimizdəki gücü, iradəni hiss edirik. Amma birlikdə çalışdığın əməkdaşları itirmək çox ağırdır".
A.Rəhimli həyatda qalmağında rolu olan həkimlərə, ailəsinə və Prezident İlham Əliyevə təşəkkür edib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Mənbə: report.az