Azərbaycanın 2 futbolçusu bu gün Türkiyə I liqasında XXVIII turun oyununda görüşüblər. 

Offsideplus.az xəbər verir ki, Çoşqun Diniyevin formasını geyindiyi "Çorum" doğma divarlar arasında Vüsal İsgəndərlinin yer aldığı "Boluspor"u sınağa çəkib.

Təəssüf ki, həmvətənlərimizdən heç biri start heyətə düşə bilməyib. Belə ki, Coşqun sonadək ehtiyatda qalıb. Vüsal isə matçda 82-ci dəqiqədə qoşulub.

Oyun "Boluspor"un 2:0 hesablı qələbəsi ilə nəticələnib. Qalibiyyət V.İsgəndərlinin komandasına 41 xalla 7-ci pilləyə yüksəlmək imkanı verib. "Çorum" isə 39 xalla 10-cu sıraya enib.

Xatırladaq ki, yığmamızın da şərəfini qoruyan C.Diniyev "Çorum"a bu ilin fevralında transfer olunub. O, yeni komandasında 4 matçda 2 qol vurub. Vüsal İsgəndərli isə ötən ilin yayından çıxış etdiyi "Boluspor"da 16 oyunda 1 dəfə fərqlənib.  Həməvətənimiz yeganə qolu bir müddət öncə Türkiyə Kuboku uğrunda yarışda "Qalatasaray"ın qapısından keçirib.

Türkiyə I Liqası, XXVIII tur

"Çorum" - "Boluspor" 0:2

Cefferson Junior, 56; Guctekin, 83