EN

Qadın sahibkarlığının inkişafını əngəlləyən əsas sosial-iqtisadi amillər? QHT sədri AÇIQLAYIB

“Qadın və Müasir Dünya” Mərkəzinin direktoru Südabə Şirəliyeva QHT.az-a açıqlama verərək, Azərbaycanda qadın sahibkarlığının inkişafını əngəlləyən sosial-iqtisadi amillərdən bəhs edib. O, həm obyektiv, həm də subyektiv maneələrə diqqət çəkərək, qadın biznesinin qarşılaşdığı çətinlikləri vurğulayıb:

“Müasir mərhələdə Azərbaycanda qadın sahibkarlığının inkişafının sosial-iqtisadi amillərini araşdırarkən, qadın biznesinin inkişafına mane olan həm obyektiv, həm də qadınların məşğulluğuna təsir edən subyektiv amilləri qeyd etmək lazımdır. Gender stereotipləri – qadınların sahibkarlıq fəaliyyətində qarşılaşdıqları maneələrdən biridir. Qadınlar insanların şüurunda, əsasən, ocaq saxlayan, ana və evdar qadın kimi formalaşan ideya ilə əlaqələndirilir. Qadın sahibkarlığı deyəndə, biznes idarə etmək və uşağı böyütməkdəki çətinliklər ayrılıqlara səbəb olur. Uğurlu sahibkar obrazı adətən kişilərlə əlaqələndirilir. Rahat və əlçatan məlumat portallarında da qadınların özünüməşğulluğu və sahibkarlığı üçün kifayət qədər dəstək yoxdur. "Qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğv edilməsi" Konvensiyasının (CEDAW) tətbiqi və milli qanunvericiliyə uyğun qadınların iqtisadi və sosial sferada imkanlarının artırılması modeli və strategiyasının inkişafı Azərbaycanda dəyişikliklərə ümid verir”.

Südabə Şirəliyeva, həmçinin, qadın sahibkarlığının dəstəklənməsi məqsədilə həyata keçirilən tədbirlərin mövcud problemləri minimuma endirməkdə kömək etsə də, bəzi qadınlar üçün bu dəstəyin əlçatan olmadığını vurğulayıb:

“Qadınlar sahibkarlıq fəaliyyəti prosesində əhəmiyyətli çətinliklərlə üzləşirlər. Lakin qeyd etmək lazımdır ki, qadın sahibkarlığının dəstəklənməsi üçün mövcud problemləri minimuma endirməyə və həll etməyə kömək edən tədbirlər həyata keçirilsə də, bəzi qadınlar üçün bu əlçatan deyil. Çox təəssüf ki, sahibkar olmaq arzusunda olan qadınlarımızın çox olmasına baxmayaraq, informasiya boşluğu mövcuddur. Bu sahədəki boşluğu aradan qaldırmaq üçün məlumatı əlçatan etmək lazımdır ki, bu da bəzi səbəblərdən mümkün olmur”.

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
27
qht.az

1Sources