EN

QHT sədri: "Erkən nikah qadınları iqtisadi və sosial asılılığa sürükləyir"

İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri Ziba Quliyeva QHT.az-a açıqlamasında erkən nikahların qadınların təhsil, iqtisadi və sosial vəziyyətinə ciddi təsir etdiyini bildirib.

Onun sözlərinə görə, orta məktəbi bitirməyən və ali təhsil almaq imkanı olmayan qızların məşğulluq perspektivləri məhdudlaşır ki, bu da onların ailə qurduqdan sonra həyat yoldaşlarından tam asılı vəziyyətə düşməsinə səbəb olur.

"Erkən nikah qadınların hüquqlarının pozulmasına, iqtisadi asılılığa və bəzən məişət zorakılığına gətirib çıxarır. Belə vəziyyət qadının sosial-psixoloji durumunu gərginləşdirir, daim stress içində yaşayan qadınlarda müxtəlif xəstəliklər yaranır. Problemli ailə mühitində böyüyən uşaqlar da gələcəkdə psixoloji çətinliklərlə üzləşirlər", – deyə Ziba Quliyeva vurğulayıb.

QHT sədri erkən nikahların ailə-məişət problemlərinə yol açdığını və boşanmaların artmasına səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, rəsmi nikah olmadan qurulan ailələrdə qadınların hüquqlarının qorunması daha da çətinləşir:

"Erkən nikah nəticəsində qadınlar həyat yoldaşından və onun ailəsindən asılı vəziyyətə düşür, təhsillərini davam etdirə bilmir, iş imkanlarından məhrum olurlar. Bu isə onların öz arzu və məqsədlərini reallaşdırmasına mane olur".

Ziba Quliyeva erkən nikahlarla mübarizə aparmaq üçün geniş maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb və cəmiyyətin bu problemin həllində aktiv iştirak etməsinin önəmini qeyd edib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
32
qht.az

1Sources