EN

Rusiya Trampa niyə lazımdır? – “Dərin dövlət” gizli silahını işə saldı – Sensasion müsahibə

Globalinfo.az beynəlxalq gündəmin əsas mövzularını politoloq Şahin Cəfərli ilə müzakirə edib.

Həmin müsahibəni təqdim edirik:

- Şahin bəy, ABŞ Ukraynanı mineral sazişinə və Rusiya ilə sülhə razı salmaq üçün hərbi yardım kartını işə saldı. Zelenski artıq ABŞ ilə sazişin imzalanmasına hazır olduqlarını bəyan edib. Ukrayna iki super dövlətin təzyiqləri qarşısında tab gətirə biləcəkmi? Münaqişənin həlli necə mümkündür?

- Zelenski ABŞ-a son səfəri zamanı bu sazişi imzalayacaqdı. Səfərdən öncə Ukrayna Nazirlər Kabineti saziş layihəsini bəyənərək təsdiqləmişdi. Lakin Ağ Evdəki məlum hadisə səfərin yarımçıq qalmasına səbəb oldu. Anlaşmanın yaxın vaxtlarda imzalanacağı gözlənilir.

Əlbəttə ki, ABŞ-ın aktiv dəstəyindən məhrum olmaq Ukraynanın vəziyyətini daha da çətinləşdirir. Doğrudur, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Ukraynaya maddi və hərbi dəstəyi davam etdirəcəklərini, hətta artıracaqlarını bildiriblər. Lakin ABŞ-ın boşluğunu doldurmaq asan iş deyil. Söhbət təkcə ABŞ-ın silah-sursat və kəşfiyyat yardımından getmir, onun bir super güc olaraq siyasi-diplomatik dəstəyi də Ukrayna üçün çox vacibdir. Aİ + Britaniya hələ ki ABŞ-la eyni çəkidə qlobal aktor deyillər və qısamüddətli perspektivdə onu əvəzləmələri mümkün görünmür. Nəinki Ukrayna, avropalılar özləri də hələ ki ABŞ-ın himayəsinə və təhlükəsizlik çətirinə ehtiyac duyurlar. Tramp Zelenskinin son açıqlamasından razı qalıb və ehtimal var ki, mineral saziş imzalandıqdan sonra Ukraynaya hərbi yardım bərpa edilsin.

Münaqişənin həlli olduqca mürəkkəb məsələdir və yaxın müddətdə tərəflər arasında hərtərəfli sülh müqaviləsinin imzalanması və problemin kökündən həlli mümkün deyil. Yalnız atəşkəs anlaşmasından söhbət gedə bilər. Bu anlaşma sırf texniki sənəd olmayıb, bəzi siyasi məsələləri də əhatə edə bilər - təxminən Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanat kimi. Məlum olduğu kimi, həmin Bəyanat çox vacib sənəd olmaqla yanaşı, münaqişəyə qəti olaraq son qoyan bir sülh müqaviləsi deyildi. Ukrayna üçün əsas problem budur ki, hazırkı ABŞ prezidentini sülhün detalları çox da maraqlandırmır, o, yalnız müharibəni dayandırmağa diqqətini cəmləşdirib. Tramp atəşkəsə nail olsa, həm seçicilərə verdiyi vədi yerinə yetirmiş və daxildə öz mövqelərini möhkəmləndirmiş olacaq, həm də özünün də dediyi kimi, dünyaya sülh gətirmiş şəxsiyyət kimi tarixə keçəcək, bəlkə də Nobel sülh mükafatı alacaq. Amma atəşkəsin və ya istənilən sülh razılaşmasının detalları tərəflər, xüsusən Ukrayna üçün çox vacibdir. Çünki bu müharibənin siyasi yekunları bilavasitə Ukrayna dövlətinin taleyini müəyyən edəcək.

- Avropa İttifaqı silahlanma üzrə plan hazırlayır. Martın 6-da Brüsseldə Aİ üzvləri Ukrayna münaqişəsi və müdafiə məsələlərini müzakirə edəcək. Qoca Qitənin öz hərbi xərcləri üçün 800 mlrd avro ayrılacağı deyilir. Aİ-nin bu qərarı nə ilə bağlıdır? NATO daxilində parçalanma olması söyləntiləri doğrudurmu? 

- Avropa tarixi seçim qarşısındadır: ya mövcud geosiyasi şəraitə adekvat reaksiya verərək hərbi-təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaldıb, müstəqil qlobal güc mərkəzinə çevrilmək; ya da bu ambisiyasından imtina etmək. Görünən odur ki, Avropa İttifaqı və Britaniya birinci yolu seçir. Əlbəttə ki, dünyada sözü keçən güc mərkəzi olmaq istəyirsə, Aİ öz hərbi komponentini xeyli gücləndirməlidir. Əslində indiyə qədər də güc faktoru beynəlxalq münasibətlərdə təsirli rol oynayırdı, amma indi elə dövrə gəlib çatmışıq ki, kartlar tam açıq oynanılır. Zəif tərəflər ya masadan kənarda qalır, ya da ən yaxşı halda böyük güclərin rəqabətində yardımçı rollara cəlb olunurlar. Həm Aİ liderlərinin, həm də təşkilatın əsas sütunları olan Almaniya və Fransanın qəbul etdiyi son qərarlardan görürük ki, onlar yardımçı və ya epizodik rola razılaşmaq istəmirlər. Son günlər birjalarda Avropa silah şirkətlərinin səhmlərinin yüksəlməsi onu göstərir ki, qitənin hərbi-sənaye müəssisələrinə külli miqdarda vəsait yönəldiləcək.

NATO-nun parçalanıb dağılması hələ ki gözlənilmir. Lakin artıq ABŞ-ın bu ittifaqın dəyərlərinə və prinsiplərinə, o cümlədən kollektiv müdafiəyə dair məşhur 5-ci maddəyə sadiqliyi ciddi şübhə altındadır. Avropanın hərbi xərcləri kəskin artırmağa başlaması həm də bu şübhələrdən irəli gəlir. Avropalılar əmin deyillər ki, sabah onarın təhlükəsizliyinə real təhdid yarananda ABŞ köməyə gələcək. Bu inam artıq itib. NATO hüquqi baxımdan parçalanmasa da, mənəvi baxımdan bölünmə yaşadığı və transatlantik etimadın azaldığı göz önündədir.

- Türkiyəni Aİ-yə qəbul etməyən Avropa ölkələri təhlükəsizlik sahəsində Türkiyəyə ehtiyac duyur. Prezident Ərdoğan da bəyan etdi ki, Avropanın təhlükəsizliyi Türkiyəsiz düşünülə bilməz. Təşkilata üzvlük tərəflər üçün hansı dividentləri qazandıra bilər? Hazırkı situasiya üzvlük prosesini şərtləndirə bilərmi? 

- Həqiqətən də Avropanın Türkiyəyə ehtiyacı "soyuq müharibə"dən bəri heç vaxt olmadığı qədər artıb. Prezident Ərdoğan bu məsələdə haqlıdır və onun dedikləri göstərir ki, Ankara yeni geosiyasi reallıqların fərqindədir. Bu reallıqlar Türkiyəni Avropanın taleyində söz sahiblərindən birinə çevirir. Əgər Avropa İttifaqı öz hərbi qüdrətini artırmaq istəyirsə - hansı ki, bu istiqamətdə prinsipial qərarı var - qonşu, dost və müttəfiq Türkiyəni gözardı edə bilməz. Türkiyə Silahlı Qüvvələrinin potensialı və Türkiyə hərbi sənayesi Avropanın gücünə güc qatar. Aİ+Böyük Britaniya+Türkiyə ittifaqı beynəlxalq arenada ABŞ və Çinlə bərabər çəkili güc mərkəzi kimi çıxış edə bilər. Bu ittifaqın bir təşkilat çərçivəsində reallaşması mütləq deyil. Türkiyənin yaxın gələcəkdə Aİ-yə qəbulu real görünmür. Britaniyanın da Aİ üzvü olmadığını xatırlatmaq istərdim. İkitərəfli Aİ-Türkiyə, yaxud üçtərəfli Aİ-Türkiyə-Britaniya tərəfdaşlıq formatlarının yaradılması mümkündür. Bu, Türkiyənin siyasi çəkisini xeyli artırar və onun iqtisadi maraqlarına da uyğun olar. Türkiyənin ən böyük ticarət ortağı məhz Avropadır. Bu əlaqələrin daha da dərinləşməsi, Türkiyə hərbi sənayesinin Aİ-nin formalaşdıracağı yüz milyardlarla avroluq fonddan pay alması gözləniləndir.

- "Facebook" hesabınızdakı paylaşımda qeyd etmisiz ki, "ABŞ qlobal liderlikdən öz xoşu ilə bir növ, istefa verir". Dünya düzənini köklü şəkildə dəyişmək kimi bir kardinal qərar Tramp və onun komandasının deyil, ABŞ "dərin dövləti"nə aiddir. Bu qərar niyə indi verildi? Bu, müasir beynəlxalq münasibətlər sisteminə necə yansıyacaq? 

- ABŞ siyasi tarixi boyunca 2 vizyonun və siyasi fəlsəfənin rəqabəti və mübahisəsi mövcud olub, indi də davam edir. Birinci xəttin tərəfdarları bildiriblər ki, biz Avropanın və dünyanın problemlərinə baş qoşmamalıyıq, onların işlərinə müdaxilə etməməliyik, öz problemlərimizlə məşğul olmalı və bu gün üçün maraqlarımız nəyi tələb edirsə, onu etməliyik. Birinci prezident Corc Vaşinqtonun xalqa vəsiyyəti var, orada qurucu ata amerikalılara məsləhət görür ki, Avropadakı məsələlərdən, Avropa ölkələrinin bir-biri ilə müharibələrindən, rəqabətindən uzaq durmaq lazımdır. O deyir ki, başqa dövlətlərlə müttəfiqlik əlaqələri qurmaq da yanlışdır, çünki həmin müttəfiqlər ABŞ-ı onun maraqlarına zidd olan addımlara vadar edə bilər. ABŞ uzun müddət bu vəsiyyətə uyğun mövqe tutub və yalnız öz yarımkürəsindəki problemlərə zaman-zaman müdaxilə etməklə kifayətlənib. Bu izolyasionist (özünütəcrid) siyasi fəlsəfə 1823-cü ildə prezident Monro dövründə rəsmi doktrina halına salınıb. Lakin ABŞ bəlkə özü də gözləmədən və planlaşdırmadan o qədər sürətlə böyüyüb və inkişaf edib ki, dünyaya açılmaq zorunda qalıb. Çox bəsit səbəbdən: əhalisi artan və sənayesi, kənd təsərrüfatı inkişaf edən ölkənin xarici ticarət əlaqələrinə, idxal-ixraca ehtiyacı da sürətlə artıb. Ticarət ABŞ-ın coğrafi mövqeyi ilə əlaqədar təbii ki, okean və dənizlər vasitəsilə həyata keçirilirdi. Bu isə həmin kommunikasiyanı nəzarətə götürmək, dəniz yollarının təhlükəsizliyni təmin etmək zərurəti yaradırdı. Dəniz yolllarını nəzarətə götürmək ehtiyacı ABŞ-ı sürətlə dəniz gücünə - talassokratik dövlətə çevirdi. Elə an yetişdi ki, ABŞ hətta zor gücünə bəzi dövlətləri əməkdaşlığa, ticarət əlaqələri qurmağa məcbur etməli oldu. Məsələn, Yaponiya uzun onilliklər boyu özünü kənar aləmdən, xüsusən xristian dünyasından təcrid etmişdi. 1852-ci ildə ABŞ hökuməti Yaponiya ilə ticarət sövdələşməsi bağlamaq üçün bu ölkəyə hərbi missiya - donanma göndərir. Prezident Fillmor missiyanın komandanı Metyu Perriyə tapşırır ki, yaponlar danışıqlardan imtina etsələr, güc tətbiq etsin. Nəticədə Yaponiya və ABŞ arasında sülh və dostluq haqqında müqavilə imzalanır, əməkdaşlıq başlayır. Yaxud 1907-ci ildə prezident Teodor Ruzveltin əmri ilə ABŞ-ın qüdrətini nümayiş etdirmək məqsədilə "Böyük Bəyaz Donanma"nın (Great White Fleet) dünya turuna çıxmasını qeyd etmək olar. Bütün bunlara baxmayaraq, siyasi izolyasionizm xətti əksər hallarda prioritetə çevrilib. Təkcə onu xatırlatmaq kifayətdir ki, hər iki dünya müharibəsi ərəfəsində ABŞ neytral mövqe tutub və Avropadakı qanlı müharibələrə qarışmamağa çalışıb. ABŞ-ın hər iki müharibəyə qoşulması onun öz arzu-istəyi ilə yox, məcburiyyətdən baş verib.

Hazırkı Tramp administrasiyası da izolyasionist vizyona sahibdir və mütləq suverenlik ideyasına inanır. Əlbəttə, ABŞ-ı tamamilə dünyadan təcrid etməkdən söhbət getmir, bu mümkün də deyil. Sadəcə, Trampın ətrafında toplanmış radikal sağçılar, MAGA (Make America Great Again - red.) ictimaiyyəti, C.Vaşinqtonun vəsiyyətində olduğu kimi, hesab edir ki, Avropanın problemləri (o cümlədən Ukrayna məsələsi) ilə Avropa özü məşğul olmalı, ABŞ bu qitədəki münaqişələrdən uzaq durmalı və onların təhlükəsizliyini təmin etməyi öz boynuna götürməməlidir. NATO-ya skeptik münasibət buradan irəli gəlir. Eyni zamanda, trampçı aşırı sağçılar hesab edir ki, dövlətlərüstü təşkilatların (məsələn, BMT, ATƏT, Ümumdünya Ticarət Təşkilatı və s.) qərarları və prinsipləri ABŞ üçün məcburi ola bilməz, qlobalist elitalar ABŞ-ı qəsdən yanlış yola, hətta məhvə sürükləyir. Onlar beynəlxalq hüquqa inanmır və onun prinsiplərini vacib saymırlar. Tramp məhz bu zehniyyətin təmsilçisidir. Mövcud Ağ Ev administrasiyasının qlobal geosiyasətə və geoiqtisadiyyata baxışı şübhəsiz ki, dünya düzəninin dəyişməsini şərtləndirir. Qloballaşma erası başa çatır, proteksionizm (yerli istehsalı və istehsalçını qorumaq, idxala yüksək rüsumlar tətbiq etmək) xətti önə çıxır. ABŞ özünün qurduğu qlobal iqtisadi sistemi dağıdır, çünki bu sistemin Çini böyütdüyünü düşünür. Qlobal təhlükəsizlik sistemi də transformasiyaya məruz qalır. Yuxarıda qeyd etdiyimiz kimi, transatlantik ittifaqın zəmini zəifləyir, Avropa ABŞ-a arxalanmağın yanlışlığını və öz taleyini öz əlinə almağın qaçılmazlığını başa düşür. Sadə dildə ifadə etsək, biz "başlı başının hayına qalsın" dövrünə qədəm qoymuşuq.

Doğrudur, ABŞ daxilində bu siyasət xətti ilə bağlı konsensus yoxdur və demokratlar dünyaya fərqli baxır. Onlar hakimiyyətə qayıtsalar, xarici siyasətdə yenidən dəyişiklik baş verəcək. Amma vəziyyət tam olaraq əvvəlki halına qayıda bilərmi? Bunu söyləmək çox çətindir. Xrustal vaza qırılanda onun parçalarını keyfiyyətli yapışqanla təkrar yapışdırmaq olur, amma vaza bir daha əvvəlki halına qayıda bilmir.

- Trampla Putinin görüşündən böyük gözləntilər var. Bəzi ekspertlər bu görüşü dünya siyasəti üçün yeni dövün başlanğıcı hesab edir. Görüşdə Rusiya tərəfindən Çinin də maraqlarının dolayı şəkildə təmsil olunacağı gözlənilir. ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərini yaxın perspektivdə necə şərh edərdiniz? 

- Sirr deyil ki, Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Artıq iki ölkə arasında rəsmi görüşlər də başlayıb. Trampın Ukrayna müharibəsinə bu qədər diqqət göstərməsinin səbəblərindən biri də budur. Çünki Ukrayna mövzusu ABŞ-Rusiya münasibətlərində problem yaradan ən ciddi məsələlərdən biridir. ABŞ bununla əlaqədar Rusiyaya ən müxtəlif sahələr üzrə çoxlu sayda sanksiya tətbiq edib. Bu sanksiyaların ən azı bir qismi ləğv olunmadan Rusiya ilə münasibətlərin bərpası və inkişafı mümkün deyil. Sanksiyaların ləğvi üçün isə onun səbəbi ortadan qaldırılmalıdır. Ona görə də Tramp tezliklə müharibəni dayandırmaq istəyir ki, sanksiya rejimini yumşaltmaq üçün əlində əsas olsun və Rusiya ilə dialoqda irəliləyiş əldə etsin.

Rusiya niyə Tramp üçün bu qədər vacibdir? Bu, ilk növbədə Çinlə bağlıdır. Rusiya və Çin xüsusən son illər ciddi şəkildə yaxınlaşıb və iki böyük dövlət "sərhədsiz tərəfdaşlıq" münasibətləri qurduqlarını bəyan ediblər. Rusiya kimi nəhəng xammal bazasının, eyni zamanda böyük nüvə arsenalına sahib dövlətin getdikcə Çinlə daha dərin əlaqələr qurması və bu münasibətlərin müttəfiqliyə doğru irəliləməsi ABŞ-ı ciddi narahat edir. Rusiyanın timsalında Çin ucuz və etibarlı xammal mənbəyi əldə edib. Qonşuluqda belə bir əlverişli xammal bazarına sahib olmaq Çin iqtisadiyyatı üçün strateji üstünlükdür. Eyni zamanda, Rusiya ilə yaxın tərəfdaşlıq hesabına Çin öz enerji idxalı marşrutlarını diversifikasiya etmiş olur. Tutaq ki, ABŞ-la ehtimal olunan müharibə zamanı ABŞ donanması Çinə gedən dəniz yollarını, o cümlədən strateji əhəmiyyətli Malakka boğazını bağlayarsa, Çin həmsərhəd Rusiyadan təbii qaz, neft məhsulları və digər mallar almağa davam edəcək. Başqa bir tərəfdən, bu iki nüvə dövlətinin münasibətləri hərbi müttəfiqliyə çevrilərsə, ABŞ nəhəng bir Avrasiya bloku ilə qarşı-qarşıya qalmış olacaq və onun Çin qarşısındakı çəkindiriciliyi öz əhəmiyyətini itirəcək. Bütün bu səbəblərdən ABŞ Rusiyanı Çindən ayırmağa, ən azı onların daha da yaxınlaşmasının qarşısını almağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
49
olaylar.az

1Sources