BAKI, TurkicWorld
ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı sərt açıqlamalarını davam etdirərək, HƏMAS üzvlərinin Qəzzanı tamamilə tərk etməli olduğunu bildirib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Tramp Truth Social hesabında paylaşım edərək HƏMAS-ı ultimatumla hədələyib.
“Bütün girovları indi buraxın, gec deyil. Yoxsa sizin üçün bitdi. Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm. Əgər dediklərimi etməsəniz, HƏMAS-ın bir nəfər üzvü də təhlükəsiz olmayacaq. Bu sizin son xəbərdarlığınızdır. Hələ şansınız olduğu halda Qəzzanı tərk etməyin vaxtıdır”. - deyə o bildirib.
O, həmçinin Qəzza xalqına müraciət edərək əsirlərin azad olunmasını tələb edib, əks halda bunun ağır nəticələri olacağını bildirib.
Fələstin hökumətinin Qəzza zolağındakı mətbuat xidmətinin rəhbəri Salame Maruf, Trampın açıqlamalarına sərt reaksiya verib. X (Twitter) hesabında etdiyi paylaşımda o bildirib ki, Trampın bəyanatları İsrailin müharibə cinayətlərinə açıq dəstək verir.
“Bu cür bəyanatlar Netanyahuya 2,4 milyon insana qarşı daha çox cinayət törətmək üçün yaşıl işıq yandırır. Problem HƏMAS deyil, işğaldır. Bu gün İordan çayının qərb sahilində və Qüdsdə baş verənlər bunun ən yaxşı sübutudur”. - deyə o bildirib.