XAN abriviaturasının açmasını ondan soruşduq. Bəri başdan deyim ki, XAN-ın açması Xalqım Azərbaycan Naminə-dir.
"XAN Nəşriyyatı"nı tanıyanlar bilir ki, bu qurum təkcə nəşriyyat deyil, həm də məktəb olmağı bacarır. İndiyədək xeyli gəncin yolu bu nəşriyyatla kəşisib: bəzisi müəllif, bəzisi əməkdaş, bəzisi də təcrübəçi kimi. Əminəm, bu nəşriyyatın hər birinə öyrətməli nəyisə olub. Elə bu səbəbdəndir, hələ ki, müstəqil Azərbaycan tarixində nəşriyyat işini təcrübi tədris edən yeganə nəşriyyatıq.
Hazırda "XAN Nəşriyyat Akademiyası" proqramında öz işinin ustası olmağa çalışan onlarla gənc təcrübə keçir...
Onun ürəyi xalqla döyünən yaradıcısı var. "XAN Nəşriyyatı" hələ də "Xalqım Azərbaycan Naminə" deməkdən yorulmur, nəşr etdiyi kitabların faydalılıq əmsalını hər şeydən öncə düşünür. Aktiv yenilənən 18 kitab silsiləmiz var. Hər birində öz janrının keyfiyyətli nümunəsi olan kitablara rast gələ bilərsiniz...
Ən qocası mən olan aktiv gənc komandası var bu nəşriyyatın. Hamısı kitabdan-kitaba özünü inkişaf etdirən, həmin an üçün əlindən gələnin ən yaxşısını ortaya qoyan insandır...
Yaxşı yazan, yazmaqdan zövq alan, bunu hobbi saymayan, daim öyrənən və bildiyinin ən gözəl tərəflərini oxucusuna öyrədən yazıçılarımız var. Onlar bütün nəslin, bütün anlayışların, bütün insanlığın yazıçılarıdır. Hərəsi öz mövzusunda bu adın haqqını verən düşüncə adamlarıdır...
Hər bir kitabımızı səbirsizliklə gözləyən, haqqında ağızdolusu danışan, kitabları bizim qədər sevən sayğıdəyər oxucularımız var. On, yüz, min...lərlə qəlb nəşr etdiyimiz kitablarla aram tapır, dünyanı tanıyır, özünü insan saxlamağı bacarır...
Bu abzaslarda hər üç nöqtənin sonsuza qədər yolu var. Hələ nə demişik, nə etmişik ki?! Kitabçılıqla yaxından-uzaqdan əlaqəsi olan kəs bilir ki, bu sahədə uğur qazanmaq üçün ruhunda mütləq fədakarlıq olmalıdır. Öz qəlbini, ruhunu, sözünü, gözünün nurunu, vaxtını kitaba həsr edən hər bir şəxsə sonsuz təşəkkürüm var! "XAN Nəşriyyatı" siz var olduğunuz qədər yaşamağa davam edəcək, bütün insanlıq naminə bu işi görəcək. "XAN Nəşriyyatı" bu xalqın nəşriyyatıdır."
Biz də fürsətdən istifadə edib nəşriyyatın fədakar kollektivinin hər bir üzvünü
təbrik edir, "11 yaşınız mübarəkdir" deyirik.
"Ədəbiyyat və incəsənət"
(06.03.2025)