EN

İstanbul meşələrində itkin düşən qadın dörd gün sonra sağ tapılıb

İstanbul, 6 mart, Günel Karatepe, AZƏRTAC

İstanbulun Belqrad meşələrində martın 2-dən itkin düşən 35 yaşındakı qadın sağ tapılıb.

AZƏRTAC xəbər verir ki, mütəxəssislər bölgədəki soyuq və ağır hava şəraiti nəzərə alınaraq, qadının dörd gün meşədə sağ qalmasını möcüzəvi hadisə kimi dəyərləndirirlər.

Dörd gün havadan, qurudan və sudan davam edən axtarış-xilasetmə işləri üçün Türkiyənin İstanbul üzrə bütün aidiyyəti qurumlarının əməkdaşları səfərbər edilib.

Hazırda reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyətinin sabit olduğu bildirilir.

Qeyd edək ki, İstanbulun Avropa hissəsində, ərazisinin böyük qismi şəhərin Sarıyer rayonunda yerləşən Belqrad meşələri təxminən 5500 hektar sahəni əhatə edir. Bu meşədə, həmçinin müxtəlif vəhşi heyvan, zəhərli ilan növləri də var. İstanbulun şəhər mühitinə baxmayaraq, Belqrad meşələri təbii həyatın qorunduğu nadir yerlərdən biridir. Bu ərazi Osmanlı dövründə şəhərin su ehtiyacını təmin etmiş su anbarları ilə tanınır.

 

Chosen
18
azertag.az

1Sources