EN

Havaların qarlı, şaxtalı və yağıntılı keçməsi su ehtiyatlarını 5 faiz artırıb -AÇIQLAMA

Bu il bolluq, bərəkət olacaq
 
 
"Son 4 il həqiqətən çox quraq keçib, su anbarlarında suyun həcmi ölü həcmə yaxın olub və Kürün aşağı axarında suyun həddən artıq az olması yay aylarında bəzi günlərdə onun qurumağa yaxın olmasına gətirib. Ümumi su ehtiyatlarımız bu illər ərzində 25 faizdən çox azalıb".
Bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastr və uçot şöbə müdiri Rafiq Verdiyev deyib.
O bildirib ki, müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə atmosferə atılan qazların miqdarı tələb olunan hüduda qədər azaldılmasa, temperaturun daha yüksək templə artması müşahidə olunacaq: "Nəticədə quraq illərin sayı artacaq və quraqlıq daha da kəskin olacaq. Bu da əsrin sonunadək su ehtiyatlarımızın daha 30 faiz azalmasına və su təhlükəsizliyi sahəsində problemlərin daha da kəskinləşməsinə səbəb ola bilər".
"Eyni zamanda gələcəkdə su qıtlığı problemlərini aradan qaldırmaq üçün çay hövzələrində meşələrin salınması, sudan səmərəli istifadə, su itkilərinin qarşısının alınması, alternativ su mənbələrinə geniş yer verilməsi, sudan təkrar istifadənin genişlənməsi, kənd təsərrüfatında sudan qənaətlə istifadə edən metod və texnologiyaların tətbiqi və s. mühüm addım hesab oluna bilər", - deyə R.Verdiyev əlavə edib.

Ekoloq Rövşən Abbasov da “Sherg.az"a bildirib ki, Azərbaycanın su ehtiyatlarında əhəmiyyətli azalmalar müşahidə olunur: 

"Azərbaycanda su ehtiyatları daha çox iqlim dəyişmələrinin və yuxarı axınlardan su götürmələrinin təsirinə məruz qalır. Bu səbəbdən də Azərbaycanın su ehtiyatlarında əhəmiyyətli azalmalar müşahidə olunur. Və bu azalmalara uyğunlaşmaq üçün Milli Su Strategiyası hazırlanıb. Bu strategiyanın əsasları isə ondan ibarətdir ki, mümkün qədər daha çox suya qənaət edilsin".

Ekoloq bildirib ki, Azərbaycanda su çatışmazlığının əsas səbəblərindən biri də həm suvarma əkinçiliyində, həm də içməli su sektorunda olan su itkiləridir: 
"Müstəqil ekspertlərin hesablamalarına görə, Azərbaycanda ənənəvi üsulla suvarmada sahələrə verilən suyun 60-70 faizi itirilir, yalnız 30 faizi sahələrə gedib çatır. Və bunun təsərrüfat baxımından dəyişilməsi çox çətin məsələdir. Hazırda bu istiqamətdə işlər gedir, amma işlər daha da sürətləndirilsə, daha yaxşı olar. Ayrı-ayrı iqtisadi regionlar üçün yenilənmə planları hazırlanmalıdır və bu, mütləq mənada müəyyən imkanlarla həm ekspert, həm də maliyyə imkanları ilə uzlaşmalıdır. Çox yaxşı olardı ki, planların hazırlanması zamanı təkcə mühəndislər yox, həm də su menecerləri bu məsələlərdə iştirak etsinlər. Mən şəxsən gözləyirəm ki, bu problemlər daha tez həll olunsun. Təəssüf ki, hələlik bu sahədə irəliləyişlər kifayət qədər deyil".

Bu il havaların qarlı, şaxtalı və yağıntılı keçməsinin su ehtiyatlarının artmasına təsir edəcəyini vurğulayan ekoloqun sözlərinə görə, bu, su ehtiyatlarımızda 3-5 faiz artıma səbəb olacaq:
 “Ölkə ərazisində yağıntıların çox olmasının əkinçilik üçün də faydaları var. İndi yağışın, qarın düşməsi həm əkinçilik, həm torpaqlar üçün yaxşı inkişaf vəd edir. Əgər bu yağıntı aprel-may aylarında olsa idi, xeyri olmazdı. Yağıntılar Azərbaycanın şimal bölgələrində daha çox olub”.
Chosen
12
sherg.az

1Sources