EN

İran-Ermənistan əməkdaşlığı: Trampın qayıdışı planları dəyişir – ÖZƏL

İran   Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi planlarını neytrallaşdırmaq üçün Ermənistanla strateji razılaşma əldə etməyə çalışır. Tehran bu yolla həm Cənubi Qafqazda mövqeyini gücləndirmək, həm də İrəvan bazarına çıxış əldə etmək istəyir. Lakin Donald Trampın  ABŞ-də hakimiyyətə qayıtması bu planı çətinləşdirir. İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, iki ölkə liderlərinin imzalayacağı uzunmüddətli strateji saziş hazırlanır.

Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a   bildirib ki, Tramp administrasiyasının Ermənistana maraq göstərməməsi Ermənistan və İran arasında yaxınlaşma yarada bilər, ancaq strateji əməkdaşlıq haqqında müqavilənin imzalanmasından söhbət gedə bilməz:

"İran və Ermənistan arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanması gözlənilirdi,  ancaq  ABŞ-dəki seçkilərdə Trampın qalib gəlməsi və İrana qarşı sərt mövqe nümayiş etdirməsi bu planın pozulmasına səbəb oldu. İranın burada əsas məqsədi Zəngəzur dəhlizinin açılmasına mane olmaq və Ermənistanın müdafiəsini öz üzərinə götürmək idi. Biz tez-tez bununla bağlı İran rəsmilərinin müraciətlərinin,açıqlamalarının şahidi olurduq  və  Ermənistana da bununla bağlı müraciətlər edilirdi. Ancaq burada bir məsələ var ki, Paşinyan hökuməti bu cür razılaşmanın, yəni İranla strateji əməkdaşlıq haqqında müqavilənin imzalanmasında çox da maraqlı deyildi. Çünki məlum olduğu kimi, Nikol Paşinyan da 2018-ci ildə hakimiyyətə gəldikdən sonra əsas onun hədəfi Qərbə doğru inteqrasiya olmaqdır və bunun üçün də müəyyən addımlar atıb. Hətta  buna görə Ermənistan bir zamanlar forpostu olduğu  Rusiya ilə açıq şəkildə münasibətlərin gərginləşməsinə səbəb olub. Yəni strateji əməkdaşlıq haqqında müqavilə bağlayaraq Ermənistan tərəfi Qərbin xoşuna gəlməyəcək bir addım atmaq istəmir və İranla əməkdaşlıq da  Ermənistana çox da bir şey vəd etməyəcək. Xüsusilə də nəzərə alaq ki, Bayden administrasiyasının son günlərində artıq Ermənistan ABŞ ilə strateji əməkdaşlıq haqqında müqavilə bağladı. Hətta bu müqavilənin şərtlərindən belə aydın olur ki, Ermənistanın sərhədini  ABŞ patrul sərhəd dəstələri qoruyacaqlar. Belə bir şərt də var idi orda və bu da onu göstərir ki, artıq  ABŞ ilə strateji əməkdaş olan Ermənistanın İranla bu şəkildə müqavilə bağlaması doğru deyil. Yəni bu, baş verməyəcək. Bu da İranın planlarının suya düşməsinə səbəb olan amildir. Təbii ki, burada Donald Trampın hakimiyyətə gəlməsi əsas rol oynadı.  Artıq  Ermənistan tərəfi çalışır ki, bu məsələlərdə İran ilə bir qədər məsafəli davransın. Ancaq nəzərə alaq ki, Tramp administrasiyası Ermənistanla bağlı nəinki real bir addım atmayıb, heç açıqlama da verməyib. Nikol Paşinyan Vaşinqton səfərində prezident Donald Trampla da görüşə bilmədi. Tramp səfər zamanı xarici dövlət başçılarını qəbul edib, ancaq Paşinyanla görüşmədi və bu da onu göstərir ki, Tramp administrasiyasının Ermənistana çox da marağı yoxdur. Bu proseslər Ermənistan və İran arasında müəyyən yaxınlaşma edə bilər. Ancaq heç bir halda strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması və tamamilə yaxınlaşmadan söhbət belə gedə bilməz".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
olaylar.az

1Sources