EN

Azərbaycan və Albaniya Təhsil İşçiləri Azad Həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanıb

Albaniyanın paytaxtı Tirana şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayev və Albaniya Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (SPASH) prezidenti Nevrus Kaptelli arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd hər iki ölkənin təhsil işçilərinin əmək və sosial hüquqlarının qorunması, həmkarlar ittifaqlarının fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsidir.

Eyni zamanda, memorandum çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsi və birgə proqramların icrası da planlaşdırılır.

Görüş zamanı bir sıra vacib məsələlərə toxunulub, həmçinin hər iki ölkədəki özəl təhsil müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması mövzusu müzakirə edilib.

Mərasimdə çıxış edən Araz Paşayev Albaniya tərəfinə səmimi qəbul və dostluq münasibətinə görə təşəkkür edərək, bu əməkdaşlığın təhsil işçilərinin sosial və iqtisadi rifahına, iki qurum arasında qarşılıqlı əməkdaşlıq tədbirlərinin təşkilinə mühüm töhfə verəcəyini vurğulayıb.

İkitərəfli görüşdə həmçinin Azərbaycan və Albaniya arasında davamlı dostluq və əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.

Nevrus Kaptelli çıxışında bu əməkdaşlığın təhsil sektorunda yeni imkanlar yaradacağını və təhsil işçilərinin hüquqlarının qorunmasına əhəmiyyətli fayda verəcəyini bildirib.

Tədbirin sonunda hər iki tərəf əməkdaşlığın genişləndiriləcəyinə və gələcəkdə birgə layihələrin uğurla həyata keçiriləcəyinə inamlarını ifadə ediblər.

Chosen
12
1
korrespondent.az

2Sources