EN

Azərbaycanda narçılığın inkişafı və ixrac perspektivləri açıqlanıb

Azərbaycanda kənd təsərrüfatının inkişafı və istehsalın şaxələndirilməsi ölkənin xarici iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə qeyri-neft sektorunun ixrac potensialının artırılması üçün kənd təsərrüfatı məhsullarının istehsalı və xarici bazarlara çıxışı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bu kontekstdə aparılan islahatlar, ağıllı kənd təsərrüfatı həllərinin tətbiqi, innovativ texnologiyaların istehsal prosesinə inteqrasiyası və dövlətin qeyri-neft ixracını təşviq siyasəti Azərbaycanın ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan narçılığın inkişafına da təkan verib.

Narçılıq Azərbaycanda qədimdən bəri formalaşmış və ölkənin kənd təsərrüfatında mühüm yer tutan sahələrdən biridir. Nar bağları üçün əlverişli iqlim şəraiti və torpaq xüsusiyyətləri ölkədə məhsuldarlığın artırılmasına və ixrac imkanlarının genişləndirilməsinə şərait yaradır. Azərbaycan narlığının inkişafı həm də onun xarici bazarlarda keyfiyyətli və rəqabətqabiliyyətli məhsul kimi tanınmasına xidmət edir.

“Report” Azərbaycanda nar ixracındakı vəziyyətlə bağlı araşdırma aparıb.

Nar istehsalında artan dinamika

Müxtəlif iqlim tiplərinə və torpaq şəraitinə uyğunlaşan nar bağlarının ölkədəki ümumi sahəsi 2024-cü ilin əvvəlinə 22,8 min hektara çatıb. Son illərdə bu sahənin genişləndirilməsi üzrə dövlət və özəl sektor tərəfindən həyata keçirilən təşəbbüslər nəticəsində istehsal həcmi də artır.

2023-cü ildə ölkə üzrə ümumi nar istehsalı 190,5 min ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2 % çoxdur. Nar istehsalının əsas hissəsi Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında cəmləşib. Belə ki, bu rayonlarda müvafiq olaraq 92 min ton və 29 min ton məhsul yığılıb.

İxracda əsas bazarlar və yeni istiqamətlər

Nar Azərbaycanın əsas kənd təsərrüfatı ixrac məhsullarından biridir. 2024-cü ilin məlumatlarına görə, ölkə xaricə 29,8 milyon ABŞ dolları dəyərində nar ixrac edib. Son beş ildə (2020-2024-ci illərdə) nar ixracının ümumi dəyəri 145,8 milyon ABŞ dollarına çatıb.

Azərbaycan qlobal miqyasda aparıcı nar ixracatçılarından biri kimi tanınır və məhsullarını əsasən MDB, Avropa və Körfəz ölkələrinə tədarük edir. 2024-cü ildə Azərbaycan 14 ölkəyə nar ixrac edib. Əsas bazarlar arasında Rusiya, Ukrayna və Gürcüstan yer alır. Bundan əlavə, Avropa İttifaqı ölkələrindən Estoniya, Latviya və Polşa da Azərbaycan narının alıcıları sırasına daxildir. Körfəz ölkələrindən isə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Oman yerli narın ixrac edildiyi ölkələrdir.

Təzə narla yanaşı, onun emal olunmuş məhsulları da beynəlxalq bazarlarda sabit tələbatla qarşılanır. Nar şirəsi, nar şərabı, nar arağı, nar sirkəsi, nar likörü və digər nar məhsulları xarici ölkələrə ixrac olunan əsas qeyri-neft məhsulları sırasındadır. 2020-2024-cü illərdə bu kateqoriyada məhsulların ixrac dəyəri 10 milyon ABŞ dollarından çox olub.

Bazardakı əsas oyunçular

2024-cü ilin statistik göstəricilərinə əsasən, Azərbaycanda 130-dan çox şirkət nar ixracı ilə məşğul olur. İxracın əsas hissəsi bir neçə iri şirkətin payına düşür: ilk dörd ixracatçının ümumi bazar payı 20 % təşkil edir.

İxrac prosesində yerli istehsalçılar beynəlxalq keyfiyyət və sertifikatlaşdırma tələblərinə cavab vermək üçün istehsal texnologiyalarını təkmilləşdirmək və məhsullarını rəqabətqabiliyyətli səviyyədə saxlamaq üçün müxtəlif təşviq mexanizmlərindən faydalanırlar.

Dövlət dəstəyi və təşviq mexanizmləri

Azərbaycanın qeyri-neft ixracını stimullaşdırmaq məqsədilə dövlət tərəfindən bir sıra təşviq proqramları həyata keçirilir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) bu sahədə aktiv rol oynayaraq, nar və nar məhsullarının beynəlxalq sərgilərdə və yarmarkalarda nümayişini təşkil edir.

Bundan əlavə, qeyri-neft məhsullarının ixracının şaxələndirilməsi üçün nəzərdə tutulan təşviq mexanizmlərindən biri də sahibkarlara qeyri-ənənəvi bazarlara çıxmağa kömək etmək məqsədilə logistika subsidiyalarının verilməsidir. Logistikaya dəstək mexanizmi ixracatçılara yalnız yeni və qeyri-ənənəvi bazarlara inteqrasiyaya kömək etmək məqsədilə verilməsi planlaşdırılır və bu da öz növbəsində nar ixracatçılarımızın yeni bazarlara çıxışını təşviq edəcək.

Nar ixracının inkişafına yönəlmiş digər bir təşəbbüs isə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti ilə bağlıdır. AZPROMO-nun dəstəyi və təşəbbüsü ilə yaradılan bu assosiasiya yerli və beynəlxalq bazarlara məhsul tədarükünün stabil həyata keçirilməsinə, istehsal və emal proseslərinin təkmilləşdirilməsinə və yüksək texnologiyaların tətbiqinə töhfə verir.

Beləliklə, gələcək perspektivdə logistika imkanlarının genişləndirilməsi, yeni bazarların araşdırılması və emal sənayesinin inkişaf etdirilməsi Azərbaycan narının qlobal miqyasda daha geniş auditoriyaya çatmasına şərait yaradacaq. 

Chosen
14
report.az

1Sources