İmtahan dövrü abituriyentlər üçün stresli və gərgin bir mərhələ ola bilər. Bu müddət onların yalnız biliklərini yox, eyni zamanda psixoloji və emosional güclərini də sınayır. İmtahandan əvvəlki dövr tələbələr üçün psixoloji dəstəyin önəmli olduğu bir vaxtdır. Effektiv psixoloji dəstək abituriyentlərin streslə başa çıxmalarına, özlərinə güvənmələrinə və daha səmərəli şəkildə hazırlaşmalarına kömək edir.
Bəs imtahan öncəsi abituriyentlərə psixoloji dəstək necə olmalıdır?
Mövzu ilə bağlı psixoloq Ruhiyyə Rüstəmova Operativ Media-ya açıqlama verib
Onun sözlərinə görə, ailə dəstəyi stresin dəf edilməsində böyük rol oynayır:
"Yeniyetməlik dövrü və həyatın yeni mərhələlərinə qədəm qoyarkən ailə dəstəyi çox önəmlidir. Yaxınlarımızın, qohum-əqrəbanın psixoloji təzyiq göstərməməsi, əksinə dəstək olmaları bu dönəmdə xüsusi rol oynayır. İmtahan öncəsi stresin əsas səbəbləri uşaqların valideynlərindən qorxması və valideynlərin uşaq üzərində təzyiq edici sözlərdən istifadə etməsidir. Məsələn, "Mən sənin təhsilinə pul tökmüşəm", "Səndən adam olmayacaq", "Sən gələcəkdə bir peşə sahibi ola bilməyəcəksən", "Ac qalacaqsan" və s. Bu cür sözlər uşağın özünü tanıya bilməsi və kimliyini başa düşə bilməsi üzərində mənfi təsir göstərir. Bu gələcəkdə uşağın imtahan zamanı həmin anları xatırlamasına və nəticələr pis olduğu halda isə hansı təzyiqlərə məruz qalacağı barədə düşünməsinə səbəb olur. Psixoloji gərginlik nəticəsində isə imtahan zamanı hətta abituriyentlərin bildikləri məlumatları belə yanlış cavablandırmasına gətirib çıxara bilər.
İmtahan öncəsi stresi necə azaltmaq olar?
Ruhiyyə Rüstəmova bildirir ki, sağlamlıq imtahan nəticələrinin əsas təminatçılarından biridir:
"Uşaqlara təzyiq göstərilməməli, onların gələcək ixtisas və peşə seçimlərində bilik səviyyələrinə uyğun düzgün seçimlər edilməlidir. Beləliklə gənclər gələcəkdə öz peşələrini sevə, özlərini taparaq cəmiyyətə yararlı bir insan kimi formalaşa bilərlər. İmtahan öncəsi mütləq açıq havada olmaq, düzgün qidalanmaq və yuxu rejimini düzgün qurmaq çox vacibdir. Yuxu rejiminin düzgün qurulması stresin və mənfi enerjinin aradan qaldırılmasında böyük rol oynayır".