EN

Dövlət Neft Fondu qızıl alışını artırır

Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirləri neft gəlirləri ilə müqayisə ediləcək səviyyəyə çatıb.

vergiler.az” xəbər verir ki, bunu Fondun Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy jurnalistlərə açıqlamasında deyib: “Son illərdə investisiya gəlirlərimiz həm büdcə öhdəliklərini icra etməyə imkan verib, həm də daha yüksək gəlirlilik vəd edən portfelə malik olmuşuq. Son 25 ildə Fondun investisiya gəlirləri 14,9 milyard ABŞ dollarına çatıb”.

İnvestisiya portfelinin diversifikasiyası, əldə olunan gəlirlər və prioritetlər də açıqlanıb. ARDNF-in qızıl ehtiyatlarının həcmi əvvəlki illərlə müqayisədə artır. Hədəf bu göstəricini 170 tona çatdırmaqdır. Bunun üçün 2025-ci ildə daha 23,4 ton qızıl alınması gözlənilir. Bu barədə məlumat verən Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov bildirib ki, investisiya portfelində qızılın payının 25%-ə çatdırılması planlaşdırılır: “2024-cü ildə ARDNF 44,8 ton qızıl alıb. Bunun 41 tonu ölkəyə gətirilib. Beləliklə, 2024-cü il dekabrın 31-nə fondun aktivlərində qızılın ümumi həcmi 146,6 ton (investisiya portfelinin 20,6 %-i), dəyəri isə 12,4 milyard ABŞ dolları təşkil edib".

2015-2024-cü illərdə ARDNF-in maliyyə aktivlərinin idarə edilməsindən ümumi gəliri 7,2 milyard ABŞ dolları təşkil edib. Bu barədə məlumat verən Fondun Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəli̇rli̇li̇yi̇ şöbəsi̇nin müdiri Toğrul Rəhimbəyli bildirib ki, bu məbləğin 2,7 milyard ABŞ dollarını istiqrazlara, 3,5 milyard ABŞ dollarını səhmlərə, 1 milyard ABŞ dollarını isə daşınmaz əmlaka investisiya qoyuluşundan əldə edilən gəlirlər təşkil edib: “ARDNF öz strategiyası çərçivəsində gəlirliliyi artırmaq məqsədilə portfelin şaxələndirilməsini həyata keçirir. Daşınmaz əmlak və səhmlərin payının nisbətən az olmasına (cəmi 21%) baxmayaraq, onların ümumi mənfəətə töhfəsi təxminən 63% təşkil edib. Son 7 ildə Fondun investisiya portfelinin orta illik gəlirliliyi 3% təşkil edib”.

İnvestisiyaların valyuta tərkibinə gəlincə, burada dollar, avro və funt-sterlinqin üstünlük təşkil etdiyi bildirilib. Yaxın gələcəkdə vəsaitlərin Çin yuanı ilə investisiya edilməsi perspektivləri də nəzərdən keçirilir.

Fərqanə ALLAHVERDİQIZI

Chosen
75
1
vergiler.az

2Sources