London, 6 mart, AZƏRTAC
Londonun maliyyə mərkəzi “City of London” tarixi Mansion House binasında möhtəşəm Novruz bayramı tədbirinə ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, tədbir Böyük Britaniyanın tanınmış fintek şirkətlərindən biri olan və azərbaycanlı təsisçi tərəfindən yaradılmış “Guavapay” tərəfindən təşkil olunub. “City of London”un 696-cı Lord meri Alastair Kinqin dəstəyi və iştirakı ilə baş tutan gecə Novruzun mədəni zənginliyini əks etdirib.
Tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyə, Özbəkistan və Qırğızıstanın Londondakı səfirləri, Böyük Britaniya parlamentinin üzvləri, biznes və maliyyə sektorunun nüfuzlu nümayəndələri, eləcə də azərbaycanlı tələbələr iştirak ediblər.
Lord Alastair Kinq çıxışında Novruz bayramının dünya xalqlarını birləşdirən dəyərlərini vurğulayıb. Daha sonra o, “Guavapay”in Londondakı dinamik fintek mühitinə verdiyi töhfələri yüksək qiymətləndirərək, bu cür beynəlxalq təşəbbüslərin şəhərin iqtisadi inkişafında mühüm rol oynadığını bildirib.
“Guavapay” qrup icraçı direktoru Elxan Nəsibov isə çıxışında Novruzun yenilənmə və inkişaf ruhunun biznes və texnologiya sahələrində də əks olunduğunu bildirib. O, “Guavapay”in 8 il əvvəl Orxan Nəsibov tərəfindən Londonda təsis edildiyini və bu müddət ərzində beynəlxalq maliyyə texnologiyalarında etibarlı bir körpü rolunu oynadığını vurğulayıb.
Tədbirdə peşəkar əlaqələrin qurulmasına və yeni əməkdaşlıqların təşviqinə də geniş imkan yaradılıb. Həmçinin Novruz bayramının rəmzi olan Azərbaycan şirniyyatları qonaqlara təqdim edilib, bayramın mədəni zənginliyi Azərbaycan musiqisi ilə tamamlanıb. Londonda fəaliyyət göstərən “Qarabağ” məktəbinin şagirdləri, Azərbaycan Respublikasının Əməkdar artisti, skripkaçı Ceyla Seyidova və kamança ifaçısı Rasim Fərziyev çıxış ediblər.
Bu tədbir Azərbaycan və Böyük Britaniya arasında həm mədəni, həm də iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün mühüm bir addım kimi yadda qalıb.
Qeyd edək ki, “City of London” təxminən 2,9 kvadratkilometr ərazini əhatə edir və dünyanın aparıcı maliyyə mərkəzlərindən biridir. Burada “Bank of England”, London Fond Birjası, eləcə də bir sıra beynəlxalq banklar, sığorta şirkətləri və maliyyə xidmətləri firmaları yerləşir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London