EN

Azərbaycan Tibb Universitetində oftalmoloji aksiya keçirilir

Bakı, 6 mart, AZƏRTAC

Martın 6-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Tibb Universitetində ikigünlük tibbi aksiyaya başlayıb.

Səhiyyə Nazirliyi, Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə keçirilən aksiya Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilib.

Oftalmoloji aksiyanın məqsədi pasiyentlərin sağlamlıq problemlərinin həllinə dəstək olmaq, həmçinin göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə edərək problemləri həllinə nail olmaqdır. Eyni zamanda, pasiyentlərin müalicə prosesində ən son tibbi texnologiyaların tətbiqi və müasir üsulların istifadə edilməsi nəzərdə tutulur ki, bu da sağlamlıq xidmətlərinin keyfiyyətini artıracaq.

Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, təşkilati-metodik bölməsinin müdiri tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva AZƏRTAC-a bildirib ki, Azərbaycan Tibb Universitetində təşkil olunan aksiya çərçivəsində 200-ə yaxın həkim, müəllim və tələbənin müayinə olunması nəzərdə tutulub. Aksiyanın ilk günündə 80 nəfərə qədər pasiyent müayinə olunub. Müayinələr zamanı daha çox refraksiya patologiyası, quru göz sindromu və digər patologiyalar aşkarlanıb. Hazırda texnologiya əsridir. Planşet və telefonlardan qeyri-düzgün istifadə refraksiya patologiyasının daha da artmasına səbəb olur.

“Məlumdur ki, erkən müayinə və müalicə korluğun qarşısının alınmasında ən effektiv üsuldur. Odur ki, Azərbaycanda oftalmoloji yardımın optimallaşdırılması üçün Milli Oftalmologiya Mərkəzində böyük işlər görülür. Mərkəzin Şəki, Gəncə, Masallı filialları ilə yanaşı, avtomobil və dəmir yolu səyyar klinikaları vasitəsilə göstərilən oftalmoloji xidmətlər bütün ölkə ərazisini əhatə edir.

Ötən ildən etibarən Böyük Qayıdış Proqramına qoşularaq “Biz birlikdə güclüyük” devizi altında işğaldan azad olunmuş ərazilərdə də əhalinin oftalmoloji müayinəsini həyata keçiririk. 2024-cü ildə mərkəzin kollektivi Xankəndi, Laçın, Zəngilan, Füzulidə tibbi xidmət göstərib. Həm Böyük Qayıdış Proqramı çərçivəsində, həm də akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə aksiyalar ilboyu davam edəcək. Belə aksiyalardan biri Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində martın 12-13-də Cəbrayıl rayonunda təşkil olunacaq”, - deyə Y.Abdıyeva qeyd edib.

Müayinədə iştirak edən oftalmoloq, vitreoretinal-cərrah Tərlan Əliyeva aksiya zamanı aşkarlanan xəstəliklər və onların profilaktikası barədə danışıb. Mütəxəssisin sözlərinə görə, refraksion patologiya həyat tərzimizə bağlıdır. Onun qarşısını almaq üçün ən effektiv üsul planşet və telefonlardan istifadəni azaltmaqdır.

Müayinə zamanı rast gəlinən digər patologiya qlaukomadır ki, bu da irsi, nəsildən-nəsilə ötürülə bilən xəstəlikdir. Erkən diaqnostika ilə korluğun qarşısını almağın mümkünlüyünü diqqətə çatdıran oftalmoloq el arasında “qara su” adlandırılan qlaukomadan əziyyət çəkən xəstələrin üç aydan bir gözdaxili təzyiqini ölçdürərək nəzarətdə saxlamalı olduqlarını vurğulayıb: “Gözdaxili təzyiq nəzarət altında saxlanılarsa, korluğun qarşısını almaq mümkündür. Aşkarlanmış digər patologiya şəkərli diabetin yaratdığı göz fəsadlarıdır. Şəkərli diabet korluğun ən böyük ikinci səbəbidir. Odur ki, şəkərli diabetdən əziyyət çəkən xəstələr ildə bir dəfə göz müayinəsindən keçməli və lazımı müalicələrlə vəziyyəti nəzarətdə saxlamalıdırlar”.

Chosen
26
azertag.az

1Sources