EN

İğdır-Naxçıvan qaz kəmərinin açılışı Türkiyə mətbuatı tərəfindən geniş işıqlandırılıb

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi mərasimində iştirakı qardaş ölkənin mətbuat orqanları tərəfində geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, dərc olunan xəbərlər, reportajlar və analitik materiallarda iki qardaş və dost ölkənin əlaqələri dünya dövlətləri üçün nümunə kimi göstərilib.

Anadolu xəbər agentliyində dərc olunan analitik məqalədə vurğulanıb ki, Azərbaycan ilə Türkiyə yalnız region üçün deyil, bütün Avropa üçün böyük əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP), Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin həyata keçməsinə nail olublar. Bu layihələr dünya iqtisadiyyatının inkişafına, regional təhlükəsizliyə təminat verməklə yanaşı dövlətlərin iqtisadi inkişafını, əhalinin sosial problemlərinin həll olunmasını təmin edib.

Ankara haber saytı yazır ki, iki dost və qardaş ölkənin əlaqələrinin yüsələn xətlə inkişafı gələcəkdə daha iri layihələrin reallaşmasına imkan verəcək. Türkiyə ərazisindən keçən Azərbaycan qazı bu gün Avropanın enerji məsələlərinin həllində mühüm rol oynayır. Türkiyə üçün Naxçıvan yalnız Azərbaycana deyil, Mərkəzi Asiyaydakı türk dövlətlərinə açılan “qapı”dır. Bu baxımdan Naxçıvanın enerji təminatı Türkiyə üçün xüsusiilə önəmlidir.

Vatan qəzeti yazır ki, Türkiyə hər zaman Azərbaycan dövlətinin yanındadır və Naxçıvan Muxtar Respublikasının Azərbaycanın tərkib hissəsi kimi təhlükəsizliyinin təmin edilməsi vacibdir. İğdır-Naxçıvan qaz kəməri enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafının növbəti göstəricisidir.

“Haber global”ın reportajinda deyilir ki, Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin İğdır vilayəti arasında ilk körpü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ildə açılıb. Həmin dövrdə blokada şəraitində yaşayan Naxçıvan Türkiyə ilə əlaqələr yaradaraq sosial vəziyyətini qardaş xalqın köməyi ilə dirçəltdi. Bu gün Azərbaycan inkişaf edərək Avropanın enerji Təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir və bu işdə Türkiyə qardaş Azərbaycanı dəstəkləyir.

“Ekonomi” qəzeti yazır ki, 97,5 kilometr uzunluğunda olan İğdır-Naxçıvan qaz kəməri ilə ildə 500 milyon kubmetr qaz nəql olunacaq. Azərbaycanın əsas hissəsindən ayrı düşən Naxçıvan enerji problemi ilə üzləşməyəcək.

“Türkiyə” qəzeti İğdır-Naxçıvan qaz kəmərinin çəkilişini əlamətdar hadisə kimi dəyərləndirərək yazır ki, qardaş Azərbaycanın Prezidenti cənab İlham Əliyev hər dəfə Türkiyəyə səfər etdikdə iki dövlət arasında qarşılıqlı münasibətlərin inkişafına dair mühüm hadisə baş verir. Türkiyə ilə Azərbaycan regional və beynəlxalq proseslərdə hər zaman vahid mövqedən çıxış edirlər.

Türkiyənin “gazete oksijen”, “haberler.com”, “cgtnturk.com” saytları, “Yeni Gunaydın” qəzeti və digər mətbuat orqanları öz materiallarında Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq əlaqələrini nəzərə çatdırırlar.

Chosen
37
azertag.az

1Sources