EN

Alisson Bekker PSJ ilə oyunda rekordlarla fərqləndi

UEFA Çempionlar Liqasının 1/8 finalının PSJ ilə ilk oyunu “Liverpul”un braziliyalı əsas qapıçısı Alisson Bekker üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Bekker bu oyunda rəqibin qarşısını divar kimi kəsərək, 9 qurtarışa imza atıb və “qırmızılar”ın 1:0 hesablı səfər qələbəsində müstəsna xidmət göstərib.

İcra etdiyi bu 9 qurtarış braziliyalı qapıçının karyerası ərzində UEFA Çempionlar Liqasında ən yaxşı nəticəsi olaraq, şəxsi rekordudur.

Bundan əlavə, Bekker “Liverpul”un heyətində Çempionlar Liqasında 22-ci “quru” oyununu keçirib ki, bu da mütləq rekorddur. Alisson “qırmızılar”ın ispan keçmiş qapıçısı Pepe Reynanın rekordunu qırıb.

Oyundan sonra braziliyalı qapıçı oyunla bağlı fikrini ifadə edib:

“Yəqin ki, bu, həyatımda ən yaxşı oyun idi. Məşqçimiz PSJ ilə oynamağın necə çətin olacağını, onların topa nəzarətdə güclü olduqlarını, bizə isə əzab çəkmək gərək olacağını deyirdi. Bizi nə gözlədiyindən xəbərdar idik.

Biz çox işləyirdik. Biz çoxsaylı məqamlar yaradırdıq, bəzən üz-üzə, amma müdafiədəki ən vacib məqam – topla olan oyunçunu fikrə getməyə təhrik etməkdir. Komandamızın bütün səyləri mənim işimi asanlaşdırırdı. Sonra isə, sonda Elliot meydana çıxdı və qol vurdu – bu, bizim üçün gözəl tarixçədir. Əntiqə gecədir”, deyə təcrübəli qolkiper məmnunluqla vurğulayıb.

Alisson Bekker “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyul ayında 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Alisson “Liverpul” üçün 26 oyun keçirib, 20 qol buraxıb, 12 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.

Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 289 oyun, 256 buraxılmış qol, 126 “quru” oyundan ibarətdir.

Alisson Bekker klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020).

Alisson Bekker 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 70 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 32 qol buraxıb, 44 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Chosen
57
1
arena.az

2Sources