EN

Biləsuvarda güllə yarasından həyatını itirən şəxs vəzifəli şəxsin qardaşı imiş - TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi Biləsuvar rayonunda baş verən bədbəxt hadisə nəticəsində 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Təzəkənd kəndində qeydə alınıb.

Məlumata görə, İ. Bağırov evinin həyətində əsəbiləşib və əlindəki ov tüfəngini yerə çırpıb. Nəticədə silahdan açılan atəş onun qarın nahiyəsinə dəyib. Ağır xəsarət alan şəxs təcili Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin yolda həyatını itirib.

Mərhumun Biləsuvar rayonunda yerləşən pambıq zavodlarından birində mexanizator kimi çalışdığı bildirilir. Onun qardaşı isə hadisə baş verən kəndin icra nümayəndəsidir.

TƏBİB-dən verilən rəsmi açıqlamaya görə, saat 20:30 radələrində 1968-ci il təvəllüdlü kişi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına artıq həyat əlamətləri olmadan gətirilib.

Hadisənin başvermə şəraiti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Chosen
24
1
bizim.media

2Sources