EN

Zelenskinin dizayneri azərbaycanlı imiş: "Oa rahat geyim tikmək istəyirəm"

Keçən həftə ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşən Ukrayna Prezidenti Volodimir Zelenski kostyum geyinmədiyi üçün tənqid edilib. Donald Tramp onu Ağ Evdə qarşılayarkən istehza ilə “Bu gün çox rəsmi geyinmisən” deyib. Daha sonra isə mühafizəkar televiziya kanalı "Real America’s Voice"ın jurnalisti Brian Qlenn Zelenskinin kostyum geyinməməsini Oval Ofisin nüfuzuna hörmətsizlik kimi dəyərləndirib.

Modern.az xəbər verir ki, Britaniyanın nüfuzlu "Financial Times" nəşri Zelenskinin dizayneri ilə həmöhbət olub.

Əslən azərbaycanlı olan dizayner Elvira Həsənovanın fikrincə, Zelenskinin geyimi ilə bağlı bu cür tənqidlər yanlışdır. O bildirir ki, Zelenski müharibə dövründə ölkəsinə rəhbərlik edir və belə bir şəraitdə ənənəvi kostyum geyinmək vacib deyil: "O, müharibə lideridir. Müharibə zamanı siyasətçilərin də kostyuma ehtiyacı olmur."

Zelenskinin geyimi onun təkcə görünüşünü formalaşdırmır, həm də dünyaya verdiyi mesajın bir hissəsidir. Həsənova hesab edir ki, prezidentin geyimindəki ən vacib detal köynəyinin üzərindəki tryzub – Ukraynanın milli emblemi olan simvoldur: "Bu, müstəqilliyin rəmzidir. Onun üslubu XXI əsr lideri üçün bir nümunədir, çünki o, güclü insandır."

2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum etdikdən sonra Zelenski hərbi üslubda geyinməyi öz imicinin ayrılmaz hissəsinə çevirib. O, beynəlxalq görüşlərdə belə, bu üsluba sadiq qalıb. ABŞ Konqresində çıxışı zamanı da, Prezident Co Baydenlə Ağ Evdə görüşəndə də zeytun rəngli sviter və hərbi üslublu şalvar geyinmişdi.

Həsənova bu seçimi yalnız praktik deyil, həm də onun səmimiyyətinin göstəricisi hesab edir: "Bizim əsgərlərimiz döyüşdüyü və insanlarımız sığınacaqlarda olduğu halda kostyum geyinə bilmərik. Bu, sadəcə moda deyil, ünsiyyətdir."

Elvira Həsənova 12 ildir öz adını daşıyan moda brendi ilə fəaliyyət göstərir və bir neçə ildir ki, kişi geyimləri markası olan "Damirli" brendi ilə məşhurlaşıb. O, Ukraynanın birinci xanımı Olena Zelenskayanın dizayneri olub, daha sonra prezident üçün də geyimlər hazırlamağa başlayıb. Lakin dizayner vurğulayır ki, Zelenski imicini tərtib etmək üçün xüsusi stilistlə işləməkdən uzaqdır: "O, nə geyindiyi ilə maraqlanmır. Onun xüsusi stilisti və ya geyim komandası yoxdur."

Prezidentin geyindiyi polo köynək indi ABŞ-da böyük maraq görür. Həsənova bildirib ki, Zelenski Tramp ilə görüşdükdən sonra təxminən 100 amerikalı müştəri 170 avroluq həmin köynəyi sifariş edib.

Dizayner Zelenski üçün bir kostyum da hazırlayıb, lakin prezident onu geyinmək fürsəti tapmayıb. Həsənova ümid edir ki, gələcəkdə ona sırf istirahət üçün rahat bir geyim hazırlamaq imkanı olacaq: "Bir gün bu dəhşətli dövr bitəndə, onun üçün rahat bir geyim tikmək istəyirəm."

Chosen
14
1
modern.az

2Sources