Avropa işçilərə uyğun siyasətləri ilə iş-həyat balansı axtaranlar üçün cəlbedici qitə olmaqda davam edir. Yeni araşdırma ən yaxşı ölkələri sıralayıb.
Hafta.az-ın yazdığına görə, Avropa işçilərə dostluq siyasəti baxımından ən yaxşı ölkələri özündə cəmləyir. Analıq məzuniyyəti, iş saatları və müavinətlər kimi faktorlar nəzərə alındıqda İrlandiya qitənin ən yaxşı ölkəsidir.
İrlandiya
Remote İnsan Resursları platformasının araşdırması göstərib ki, Avropanın yeddi ölkəsi dünyada ən yaxşı iş-həyat balansını təklif edən ilk on ölkə sırasındadır. Araşdırmada maaş və yaşayış dəyəri əvəzinə işçilərin həyat keyfiyyətini təyin edən sosial hüquqlar ön plana çıxıb.
İrlandiya 23 pillə yüksələrək siyahıya başçılıq edir. Ölkədə bu böyük sıçrayışın əsas səbəbləri arasında 2024-cü ildə qüvvəyə minən daha əhatəli əlillik müavinəti və yüksək ictimai təhlükəsizlik balı daxildir. Bundan əlavə, İrlandiya Avropada ən yüksək minimum əməkhaqqına malikdir - saatda 13,44 avro.
İslandiya
İkinci yerdə olan İslandiya, işçilərinə təqdim etdiyi 38 günlük illik məzuniyyət hüququ və 100 faiz əmək qabiliyyətini itirmə müavinəti sayəsində yüksək pillədə qərarlaşıb. Ölkə həm də yüksək xoşbəxtlik indeksinə malikdir və yüzdə 93 LGBT daxil olma nisbəti ilə seçilir.
Danimarka
Üçüncü yerdə olan Danimarka 33,91 saat iş həftəsi ilə Avropanın ən qısa iş həftələrindən birinə sahibdir. Ölkənin bəzi sektorlarında dördgünlük iş həftəsi sınaqdan keçirilir və bu modelin uğuru diqqətəlayiqdir.
Belçika
Belçika əlilliyə görə müavinət siyasətini yeniləyərək dördüncü yerə yüksəlib.
İspaniya
İspaniya isə 36 günlük qanuni illik məzuniyyət və 100 faiz analıq məzuniyyəti ödənişi ilə ilk 10-luqda yer alan yeganə Cənubi Avropa ölkəsidir.
Araşdırma nəticəsində məlum olub ki, uzun iş saatları iş-həyat balansına mənfi təsir göstərir. Monteneqro həftəlik 43,3 saat iş vaxtı ilə siyahının sonunda yer alıb. Serbiya və Moldova da uzun iş saatlarına görə aşağı pillələrdə qərarlaşıb.
Balkan ölkələri analıq məzuniyyətinin ən uzun müddətini təklif etsələr də, iş-həyat balansı indeksində aşağı səviyyədə qaldılar. Bolqarıstan, Bosniya-Herseqovina və Albaniya analıq məzuniyyətinin müddəti baxımından yüksək yer tutsalar da, işçilərin rifahı baxımından zəifdirlər.
Digər tərəfdən, Almaniya, Belçika, Portuqaliya və Sloveniya kimi ilk sıralarda yer alan ölkələr, orta hesabla analıq məzuniyyəti müddətlərinin daha qısa olmasına baxmayaraq, iş-həyat tarazlığı baxımından uğurlu ölkələr arasındadır.