EN

İşə qəbulda özəl və dövlət sektorunun fərqli tələbləri - 2 vacib ortaq nöqtə də var

Günümüzdə işə qəbul prosesində tələblər tez-tez dəyişir və artır. İş həyatına yeni başlayanlar atacaqları addımları daha əvvəlcədən möhkəmləndirməkdə çətinlik çəkə bilirlər. Hər sektorun işçi seçməkdə öz tələblərinin olduģunu nəzərə alsaq, əvvəlcədən hansı addımları atmalı olduğumuzu bilmək vacibdir. İşləmək istədiyimiz sektora görə əvvəlcədən nələri bilməliyik? İşə qəbulda dövlət və özəl sektorunun tələbləri fərqlidirmi?

İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirdi ki, işə qəbul prosesində tələblər tez-tez dəyişdiyi üçün namizədlərdən müxtəlif bacarıqlar tələb olunur: “Hansı sferada işləməyinizdən asılı olmayaraq, elə bacarıqlar var ki, bütün bacarıqların əsasını, özəyini təşkil edir. Bunlardan ən biricisini tapmaq üçün özümüzə belə bir sual verək. Niyə işçi axtarılır? İşçi axtarılmasının yeganə səbəbi var. Yəni şirkətin bir problemi var və bu problem həll olunmalıdır. Bunun üçün ən birinci bacarıq problemləri həll etməyi bilməkdir. Hansı sferada işləyəcəyinizin fərqi yoxdur, problem həll etmə bacarığınız olmalıdır. Bu bacarıq varsa, daima öndəsiniz”.

Şirkətlərə düşünə bilən lazımdır

Mütəxəssis deyir ki, müsahibəyə gedəndə şirkəti araşdırın, problemi tapın: “Tapdığınız problemi müsahibədə bildirin və problemin həlli üçün 7-8 çıxış yolu göstərməyə çalışın. Onlar sizin problemlərinizi bəyənməyə də bilərlər, amma sizin problem həll eləmə bacarığınız onlarda maraq doğuracaq. Mütləq şəkildə bu işə qəbul olacaqsınız. Çünki şirkətlərə düşünə bilən biri lazımdır”.

A.Həsənovun sözlərinə görə, bütün sektorlarda vacib olan ikinci bacarıq isə, inandıra bilməkdir: “Bu bacarıq dünya yaranan gündən lazım olub, dünyanın sonunadək lazım olacaq. Siz bir işi çox yaxşı görə bilərsiniz, amma inandıra bilməsəniz, yaxşı işləməyin elə də mənası olmaz. Qeyd etdiyim bu iki bacarıq əsasında istənilən sahədə iş tapmaq mümkündür”.

Dövlət sektorunda işləyənlər bunları bilməlidir...

A.Həsənov deyir ki, əgər dövlət sektorunda iş tapmağı planlayırıqsa, qəbul üçün müəyyən bacarıqları bilmək vacibdir: “Bunlardan ən birincisi hüquqi biliklərdir. Çünki siz bir işə müraciət edəndə istənilən sahədə, məsələn, maliyyə, iqtisadi sferadasınızsa, vergi məcəlləsini, insan resursları sahəsindəsinizsə, əmək məcəlləsini və.s bilməlisiniz. İxtisasınıza uyğun olaraq biliklər mütləqdir. Eyni zamanda, günümüzdə kompüter bilikləri çox sürətlə inkişaf edir. Burada sadəcə bildiyimiz bəzi proqramlarda işləmək bəs etmir. Çünki sizə müəyyən bir baza verilir və siz həmin bazanı idarə etməlisiniz. Dövlət qulluğunda işləmək üçün rəsmi sənədləşmə bacarıqlarını da bilmək mütləqdir. Çünki şirkətin daxilindəki rəsmi sənədləşmələr məktublaşmalar əsasında olur. Bunların hər birində sübut xarakterli məlumatlar olur. Bilməmək kimi bir şansınız  olmamalıdır.

Rəsmi yazışma, rəsmi ünsiyyət qurma bacarığınız olmalıdır. Bu sizə mütləq şəkildə  lazım olacaq. Bunlar həm bu günün, həm də gələcəyin tələbləridir”.  

Strateji bacarığı inkişaf etdirməyin yeganə yolu işlədiyiniz sahəni daha dərindən bilməyinizdir

Mütəxəssisin fikrinə görə özəl sektorda lazım olan bacarıqların ən əsasında xarici dil biliyi gəlir: “Özəl sektorlar daha çox xarici müştərilərə satış eləmək, onlara xidmət göstərməyin marağındadılar ki, xarici valyuta ilə gəlir əldə edə bilsinlər. Çünki bu hal şirkətin büdcəsini sürətlə böyüdür. Bu sektorda rəqəmsal bacarıqları yaddan çıxarmaq olmaz. Həm xidmət göstərəndə, satış edəndə müxtəlif daxili proqramlardan, sosial şəbəkələrdən istifadə olunur. Özəl müəssisələrin əksəriyyəti, dövlət müəssisələrindən fərqli olaraq, gələcəyə yönümlü addım atmağı planlaşdırır. Çünki burada gəlirin formalaşması müştərilərə xidmət göstərməkdən ibarətdir. Bunun üçün də ən əsas strateji düşünmə lazımdır. Qarşınızda bir plan olur, indiki dövrü analiz edirsiniz, növbəti dövrdə hədəflərinizi fokuslayırsınız və hədəflərə doğru addımlayırsınız. Bunların əsasında strateji düşünmə bacarığı mütləq vacibdir”. 

Hər sektoun tələbi olduğu kimi fərqli imkanları da var

Mütəxəssis qeyd etdi ki, istədiyiniz sektordan əmin olun: “Gələcəkdə hansı sektoru seçməkdə çətinlik çəkirsinizsə, düşünməlisiniz ki, uzun müddətli iş axtarırsınızsa, bir dəfə çətinlik çəkəcəksiniz. Bunun üçün dövlət sektorunu seçə bilərsiniz. Çünki güvənli və etibarlı iş mühiti olur. Dövlət bacarıqlarınızı kəşf etdikcə sizi kurslara göndəririr, sertifikatlar təqdim edir. Amma özəl sektorda bütün məsuliyyət öz üzərinizdə qalacaq. İşə qəbul olduqdan sonra növbəti sferaya keçmək istəsəniz, karyeranızı dəyişmək istəsəniz, yeni işlərdə özünüzü sınamaq istəsəniz, sertifikatlar istəsəniz öz hesabınıza etməli olacaqsınız”. 

Sərvanə Rəmixanova

Chosen
63
valyuta.az

1Sources