İsrailin gizli əməliyyat komandasının hekayəsindən bəhs edən məşhur aksiyon serialı “Fauda” 5-ci sezonu ilə ekranlara qayıdır. Çəkilişlərə aprelin sonunda başlanılması planlaşdırılır.
Hafta.az-ın “Hollywood Reporter”a istinadən yazdığına görə, hazırlıq mərhələsində olan 5-ci mövsüm xüsusi missiyaya başlayan komandaya diqqət yetirəcək.
Aktyor Lior Raz və jurnalist Avi Issacharoff tərəfindən ərsəyə gətirilən serialda son illərdə İsrail televiziyasının ən iddialı istehsallarında rol almış mühüm adlar bir araya gəlir.
Ssenarisini Türkiyədə Apple TV+-da yayımlanan Tehran triller serialı ilə tanınan Omri Şenhar yazdığı halda, rejissor kürsüsündə “Girovlar” filmini çəkən Omri Givon oturur. Aktyorlar və hekayə təfərrüatları hələlik gizli saxlanılır.
Ərəbcə "xaos" mənasını verən “Fauda” serialının 5-ci mövsümünün 2026-cı ilin əvvəlində İsraildə yayımlanan Yes TV-də premyerası, daha sonra isə Netflix-də bütün dünya tamaşaçıları ilə görüşü gözlənilir. Serialın istehsalı Yes TV və L. Benasuly Productions, beynəlxalq yayımı isə Yes Studios tərəfindən həyata keçirilir.
"2015-ci ilin fevralında "Fauda"nın Yes Tv-də premyerası olub və son 10 ildə qlobal fenomenə çevrilib. "Bu yubileyi qeyd etməyin ən yaxşı yolu “Fauda”nı daha bir mövsüm üçün bütün dünyada sadiq pərəstişkarlarına çatdırmaqdır", - Yes Studios-un baş meneceri Şeron Levi açıqlamasında bildirib.
Real hadisələrdən ilhamlanan serial müasir Yaxın Şərqi və İsrail-Fələstin münaqişəsinin mürəkkəbliyini üzə çıxarmaq məqsədi daşıyır.