EN

ABŞ-da təhsil alan azərbaycanlı tələbə: Qazandığım təcrübə ilə Azərbaycanın hüquq sisteminə töhfə verəcəyəm

Bakı, 7 mart, AZƏRTAC

AZƏRTAC xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə bağlı məqalələr silsiləsini davam etdirir. Budəfəki həmsöhbətimiz “2022-2028-ci illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-də yerləşən Berkli Kaliforniya Universitetində hüquq üzrə magistr təhsili alan İnqilab Hüseynzadədir. O, müsahibəsində hüquq elminə yiyələnmək istiqamətində qət etdiyi, Berkli Kaliforniya Universitetinə qəbul olunması, təhsil prosesinin xüsusiyyətləri və gələcək planlarından danışıb.

-Əvvəl özün haqqında məlumat verərdin.

- 2019-cu ildə Salyan şəhər 2 saylı tam orta məktəbi bitirib 685 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşam. 2024-cü ildə Hüquq fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşam. Hazırda Dövlət Proqramı çərçivəsində ABŞ-da yerləşən Berkli Kaliforniya Universitetində hüquq üzrə magistr təhsili alıram.

Təhsilimi əsasən texnologiyaların, xüsusilə də süni intellekt, kripto məzənnələr və s. kimi yeni yaranan texnologiyaların tənzimlənməsi ətrafında qurmağa çalışmışam. Berkli Kaliforniya Universitetinin həm bu sahədə ən qabaqcıl universitetlərdən olması, həm də fiziki cəhətdən bütün bu texnologiyaların mərkəzinə - Silikon Vadisinə yaxın olması nəzəri və praktiki bacarıqlarımın inkişafında mühim rol oynayır.

-Hüquqşünaslıq ixtisasına səndə maraq necə yarandı?

-Hüquq təkcə qanunlar və qaydalar məcmusu deyil, həm də insanlara kömək etmək, ədalətə nail olmaq və müsbət dəyişikliklər etmək üçün real yoldur. Mən sistem dəyişikliklərinə təsir göstərmək və cəmiyyətin davamlı inkişafına kömək etmək üçün qanunu dövlət siyasəti ilə birləşdirməyə qərar vermişəm.

- ABŞ-da təhsil alan bir azərbaycanlı tələbə olaraq, qazandığın təcrübələri Azərbaycanda necə tətbiq etmək istəyirsən?

- Təbiidir ki, sözügedən texnologiyaların yarandığı və ən çox istifadə olunduğu ölkə olaraq ABŞ bu texnologiyaların yaratdığı hüquqi problemlərlə daha əvvəl qarşılaşıb. Buna görə də ABŞ-da bu problemlərin həlli üçün həm inzibati orqanlar, həm hüquq elmi, həm də məhkəmələr müəyyən mövqelər ortaya qoyublar. Dünyanın hər yerində texnologiya sürətlə inkişaf edir, hüquq isə ona çatmağa çalışır.

Bu gün Azərbaycanda da həm texnologiyaların tənzimlənməsi, həm də müəyyən hüquqi proseslərin yeni texnologiyalara inteqrasiya olunması yolunda mütərəqqi addımlar atılır. Lakin texnologiyanın sürətli inkişafı mütəmadi olaraq yeni çağırışlar yaradır. İnanıram ki, burada aldığım təhsil və qazandığım təcrübə ilə Azərbaycan hüquq sisteminin gələcəkdə yaranacaq bu çağırışlara cavab verməsində faydalı şəkildə iştirak edəcəyəm.

Chosen
17
azertag.az

1Sources