Meyxanaçı Namiq Qaraçuxurlu uzun müddət sonra “ATV”də yayımlanan “Gün ortası” verilişindəki açıqlamaları ilə səssizliyini pozub.
Pravda.az xəbər verir ki, meyxanaçı şou-biznesdən getməsinin səbəblərini belə əsaslandırıb: “Şou-biznes”də yoxam, ona can atmıram. Çünki şou-biznesdəki adamlarla düşüncələrimiz əksdir, alınmır. Onlara aid məclislərə getsəm belə, 5 dəqiqə görünüb çıxıb gedirəm. Nə edim? Masada oturub danışırıq, fikirlərimiz uyğun gəlmir. Əvvəllər mən də bu cür danışanlara deyirdim ki, vaxtilə şou-biznesə can atmısan, indi özünə sığışdırmırsan. Əvvəlki şou-biznes deyil, aləm bir-birinə dəyib. Bir müğənni hansısa yolla – qorxudaraq, sevgi ilə, yaxud “para” ilə şou-biznes haqqında yazan medianı başına yığıb, dediklərini diktə edir. Gözümün qabağında şou-biznesdəki sənətçi medianın üstünə qışqırıb ki, sənə dedim, belə yazma, elə yaz. Jurnalist də deyib ki, baş üstə. Mən bu cür şou-biznesdə işləyə bilmərəm, mümkün deyil. Peşəkar jurnalistlərimiz, media əhli var. Konsertlər edəndə onlarla çalışıram. Piarımı da normasında edirlər. Yoxsa gündəlik evimizə gələk-gedək, bir məclislərdə iştirak edək, sonra onun evinin içindəkini gedib orda-burda danışım, yaxud əksinə. Mən belə xarakteri qəbul etmirəm. İnsan qeyri-səmimidirsə, onunla əməkdaşlıq edə bilmərəm. İnsanlar bir-birilərinin evinə girib-çıxırlar, ailələri, övladları haqqında orda-burda yaramaz sözlər danışırlar. Sonra da efirdə çıxıb ona “bacım”, buna “qardaşım”. Mən bunu edə bilmirəm. Yalançı da olsa, qəbul etməlisən. Biz də yol veririk. Artıq şou-biznes belə olub. “Həqiqət” sözü orda yoxdur. İmici dəyişib”.
Tomris