Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında ipoteka kreditlərinin maksimum məbləğinin artırılmasını təklif edib.
Modern.az xəbər verir ki, bu barədə o, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı çıxış edib.
Deputat deyib ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq: "Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli ipoteka kreditləri maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı”.
Vüqar Bayramov, həmçinin qeyd edib ki, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması da mühümdür: "Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinlik ilə üzləşirlər".
O bildirib ki, Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir:
"Belə praktiki bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu, onların sosial hüquqların qorunması baxımdan vacibdir".