EN

Azərbaycan və Türkiyənin birlikdə reallaşdırdığı layihələr Türk dünyasına töhfədir ŞƏRH

Bakı, 7 mart, AZƏRTAC

Prezident İlham Əliyevin Ankaraya işgüzar səfəri bir daha Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür. İlk növbədə, dünyada qlobal qeyri-müəyyənliyin artdığı bir vaxtda iki müttəfiq ölkənin liderlərinin regional və ikitərəfli məsələləri müzakirə etməsi olduqca əhəmiyyətli idi. Digər vacib məsələ isə təbii ki, İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışı oldu. Bu boru kəmərinə yalnız iqtisadi layihə kimi baxmaq olmaz. Belə ki, burada Naxçıvanın tarixi-siyasi-strateji əhəmiyyəti mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana birləşdirilməsi ilə əlaqədar Türk dünyası coğrafi baxımdan iki yerə bölündü. Ermənistanın iddiaları boyunu aşaraq Naxçıvanı da “böyük” Ermənistanın bir hissəsi hesab edir və onu işğal etməyə can atırdı. Lakin Azərbaycanın, xüsusilə də Ulu Öndər Heydər Əliyevin qətiyyəti bu mənfur hücumların qarşısını aldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

“İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət çəkdi və qardaş Türkiyənin dəstəyinin əhəmiyyətini xatırladaraq bildirdi ki, o vaxt Türkiyədən gələn yardım Naxçıvanın qorunmasına mühüm töhfə verib. Həqiqətən də 1991-ci ildə Ermənistanın Naxçıvana artan hücumları qarşısında Ümummilli Lider Heydər Əliyevin Qars və Moskva müqavilələrində Türkiyənin hüquqlarını gündəmə gətirməsi mümkün təhlükələrin qarşısını aldı. Beləliklə, Naxçıvan hərbi və təhlükəsizliklə yanaşı, iqtisadi blokadadan da azad edildi. “Ümid” körpüsü bu prosesə xüsusi töhfə verdi”, - deyə deputat bildirib.

Qədim diyarımız olan Naxçıvanın Türk dünyasının qapısı hesab edildiyini vurğulayan Nigar Məmmədova əlavə edib: “Bu mənada Türk Dövlətləri Təşkilatının (TDT) təsis konfransının 2009-cu ildə Naxçıvanda keçirilməsi də təsadüfi deyildi. Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük töhfələr verməkdədir.

İğdır-Naxçıvan qaz kəmərinə gəlincə, ildə 730 milyon kubmetr qaz ötürmək gücünə malik olan boru xəttinin işə düşməsi, ilk növbədə, bu coğrafiyada məskunlaşan insanların sosial rifahının yaxşılaşması deməkdir. Məlum olduğu kimi, 2005-ci ildə Azərbaycanla İran arasında imzalanan müqaviləyə əsasən, İran üzərindən Naxçıvana təbii qaz nəql edilirdi. Amma bununla belə qazın nəqlində müəyyən fasilələr yaranırdı. Digər tərəfdən, enerji mütəxəssisləri bildirir ki, faiz dərəcələrinin yüksək olması alternativ enerji mənbəyinə ehtiyacı artırırdı. Belə bir şəraitdə təbii qazın İğdırdan Naxçıvana çatdırılması həm də Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsi deməkdir. Bu barədə Prezident İlham Əliyev də bəyan etdi: “Layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq”. Bir sözlə, İğdır-Naxçıvan qaz kəməri strateji əhəmiyyət kəsb edir”.

Deputat qeyd edib ki, Azərbaycanla Türkiyə arasında, eyni zamanda, bərpaolunan enerjidən istehsal edilən elektrik enerjisinin qarşılıqlı ötürülməsinə dair Anlaşma Memorandumu da imzalandı. Qarşıdakı dövrdə isə növbəti layihə Naxçıvandan Türkiyəyə elektrik xəttinin çəkilməsi olacaq. Gələcəkdə Zəngəzur dəhlizinin açılması isə yeni ortaq enerji layihələri üçün imkanlar yaradacaq.

Chosen
21
azertag.az

1Sources